logo

Ceyhun Bayramov Gürcüstanın Azərbaycandakı səfirini qəbul edib

19:09 13-08-2020 | icon 2324
Ceyhun Bayramov Gürcüstanın Azərbaycandakı səfirini qəbul edib

Avqustun 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın ölkəmizdəki səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.

YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Görüşdə  C.Bayramov Azərbaycan və Gürcüstan arasında münasibətlərin tarixi dostluğa dayandığını və iki ölkə arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu diqqətə çatdırıb. Nazir iki ölkə arasında əməkdaşlıq münasibətlərinin iqisadi, ticarət, enerji, nəqliyyat istiqamətləri ilə yanaşı, humanitar, mədəniyyət, elm və təhsil sahələrində inkişafını qeyd edib.

Ölkələrimizin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipinə verdiyi qəti dəstəyi və bu mövqeyin beynəlxalq çərçivələrdə birmənalı ifadə olunması məmnunluqla qeyd olundu.

Tərəflər üçtərəfli və çoxtərəfli formatlarda, eləcə də BMT başda olmaqla beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Səfir Teymuraz Şaraşenidze xarici işlər naziri təyinatı ilə əlaqədar səmimi təbriklərini ifadə edib, həmçinin Gürcüstan xarici işlər naziri David Zalkalianinin salamlarını nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb.

Səfir, öz növbəsində iki ölkə arasında mövcud yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin bundan sonra daha geniş şəkildə davam etdirilməsi üçün imkanların olduğunu qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə müzakirələr aparılıb.