logo

Keçmiş nazir müavininin qardaşı oğlu 10 kq heroinlə tutuldu

18:47 13-08-2020 | icon 2457
Keçmiş nazir müavininin qardaşı oğlu 10 kq heroinlə tutuldu

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində daxili işlər nazirinin sabiq müavini Əsgər Ələkbərovun qohumu saxlanılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Abşeron rayonu ərazisində keçirdilən əməliyyat zamanı Ramin Ələkbərov, Əbdül Umarov, Səfər Ələkbərli və Orxan Mehdiyev tutulublar. Ramin Ələkbərov sabiq nazir müavininin qardaşı oğludur.

Ramin Ələkbərovun üzərində şəxsi axtarış aparılan zaman 5 qrama yaxın, onun idarə etdiyi avtomobildən isə 10 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Onun avtomobilində sərnişin kimi olan adları sadalanan digər şəxslərdən də narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ramin Ələkbərovun Bakıxanov qəsəbəsində yerləşən evindən əlavə 495 qram psixotrop maddə metamfetamin və 501 qram heroin aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfindən Xətai rayonunda keçirilən sonuncu tədbir zamanı isə paytaxt sakini Telman Əliyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 4 kiloqram 210 qram heroin, 2 kiloqram 20 qram tiryək və 11 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, polis general-leytenantı Əsgər Ələkbərov 1995-2014-cü illərdə daxili işlər nazirinin müavini vəzifəsində çalışıb.