İlham Əliyev iri dövlət müəssisələrini idarə edəcək yeni holdinq yaratdı
Prezident İlham Əliyev avqustun 7-də Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında fərman imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Fərmanda deyilir:
"Azərbaycanda həyata keçirilən davamlı struktur islahatları iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədlərinə xidmət edir. Bu istiqamətdə ölkədə institusional və tənzimləyici çərçivə təkmilləşdirilmiş, milli iqtisadiyyatın özəyi olan təsərrüfat strukturlarında idarəetmənin sağlam prinsiplər əsasında inkişafı və tam şəffaflaşması üçün möhkəm zəmin yaradılmışdır.
Sözügedən islahatlar biznes mühitinin xeyli yaxşılaşmasını şərtləndirmişdir. Həmçinin ölkədə sosial-iqtisadi infrastruktur inkişaf etmiş, yeni strateji mərhələnin çağırışlarına adekvat formada qurulan idarəetmənin çevikliyi artmışdır.
Ötən müddətdə struktur islahatlarının əhəmiyyətini nəzərə alaraq dövlət xidmətləri və məhsul istehsalı sferasının da qabaqcıl prinsiplər əsasında idarə olunmasına xüsusi önəm verilmişdir. Bu istiqamətdə ölkədə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, onların gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi üçün bir sıra işlər görülmüş, paylarının nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin idarə olunmasının təkmilləşdirilməsi məqsədilə mühüm islahatlar həyata keçirilmişdir.
Müasir dövrdə yalnız azad bazar münasibətlərinin hərtərəfli inkişafına, dayanıqlı özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafı sürətləndirmək mümkündür. Buna görə də dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində struktur islahatlarının dərinləşdirilməsi tələb olunur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması məqsədilə qərara alıram:
1. “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs yaradılsın.
2. “Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
3. Müəyyən edilsin ki:
3.1. Azərbaycan İnvestisiya Holdinqinin (bundan sonra– AİH) fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün Müşahidə Şurası və İdarə Heyəti yaradılır;
3.2. idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin (bundan sonra – dövlət müəssisələri) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri AİH Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həll edir.
4. AİH-in təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
4.1. Azərbaycan Respublikasının Prezidentinə:
4.1.1. nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
4.1.2. idarəetmə orqanlarının yaradılması;
4.1.3. Müşahidə Şurası üzvlərinin (o cümlədən sədrinin), habelə İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
4.1.4. ləğvi və yenidən təşkili.
4.2. AİH-ə:
4.2.1. bu Fərmanın 4.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. AİH-in yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. AİH-in idarəetməsinə veriləcək dövlət müəssisələri ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.3. AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi xərclərinin maliyyələşdirilməsi üçün dövlət müəssisələrinin AİH-ə ödəyəcəkləri haqqın formalaşma mexanizmi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.4. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.6. dövlət qeydiyyatına alındığı gündən AİH-in inzibati bina ilə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlli üçün bir ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.8. dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;
5.9. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanla təsdiq edilmiş Nizamnamənin 5.1-ci bəndində göstərilən məbləğdə maliyyələşməni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə təmin etsin.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
Prezident digər fərmanla yeni yaradılmış Azərbaycan İnvestisiya Holdinqinin nizammanəsini təsdiq edib. Sənədə əsasən holdinqin nizamnamə kapitalı 10 milyon manat təşkil edəcək.
Prezident İlham Əliyev bu gün imzaladığı fərmanla yaradılmış Azərbaycan İnvestisiya Holdinqinin nizamnamə kapitalı 10 milyon manat olacaq.
Sənəddə həmçinin deyilir ki, Holdinqin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, ilkin mərhələdə fəaliyyətinin təşkili və saxlanılması xərclərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitdən, habelə fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan olunmayan digər vəsaitdən formalaşır.
Holdinq öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir, balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” ölkə prezidentinin 6 iyun 2007-ci il fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.
Holdinq qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra ozünün, idarə, filial və nümayəndəliklərinin, təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə olunmuş mənfəət üzərində müstəqil sərəncam vermək hüququna malikdir. Holdinqin mənfəəti bu nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Müşahidə Şurasının qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.
Holdinqin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri (dövlət müəssisələrinin ödəyəcəkləri haqqın məbləği istisna olmaqla) tənzimlənən qiymətlərə aid deyil.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır