logo

Qazaxıstandan daha 33 soydaşımız Azərbaycana yola salınıb

13:30 07-08-2020 | icon 2555
Qazaxıstandan daha 33 soydaşımız Azərbaycana yola salınıb

Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə yola salınması istiqamətində tədbirlər davam etdirilir. Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlər ilə əlaqədar) Qazaxıstanda qalan daha 33 vətəndaş Azərbaycana yola salınıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Aktaudakı Baş Konsuluğu məlumat yayıb. Bildirilib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Bərdə” (5 nəfər) və “Merkuri” (28 nəfər) bərə-gəmiləri ilə yola salınan vətəndaşların hamısı COVID-19 pandemiyası ilə əlaqədar testdən keçiriliblər.

Qeyd edək ki, cari il iyulun 23-dən etibarən Baş Konsulluğun “qaynar xətt”i vasitəsilə qeydiyyatdan keçən vətəndaşlar Aktau limanından Vətənə yola salınır. Bu günədək Aktaudan gəmi ilə ümumilikdə 213, Almatıdan “Azərbaycan Hava Yolları” QSC-nin xüsusi çarter reysi ilə 117 Azərbaycan vətəndaşı ölkəmizə təxliyə edilib.

Xatırladaq ki, Baş Konsulluqda Azərbaycana gedəcəyini gözləyən vətəndaşların qeydiyyat prosesi davam etdirilir.