logo

Prezident:"Biz koronavirus xəstəliyini bundan sonra da nəzarətdə saxlayacağıq"

17:57 06-08-2020 | icon 2695
Prezident:"Biz koronavirus xəstəliyini bundan sonra da nəzarətdə saxlayacağıq"

Koronavirusa qarşı mübarizədə müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq.

YeniAvropa xəbər verir ki,  bu fikirləri prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədəki çıxışında səsləndirib.

Koronavirusla mübarizə istiqamətində görülən tədbirlərin əhəmiyyətindən danışan dövlət başçısı deyib: “Artıq üç həftədir ki, bu müsbət dinamika, əlbəttə, bizi çox sevindirir. Prinsip etibarilə ilk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq. Əlbəttə, bütün təşkilati məsələlər lazımi səviyyədə görülməli idi və biz buna nail olduq. Xəstəxana fondumuzu qısa müddət ərzində xəstəliklə əlaqədar vəziyyətə uyğunlaşdıra bildik. Həkimlərimizin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir”.

Prezident qeyd edib ki, bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Bu xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. “Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik”, - deyə dövlətimizin başçısı vurğulayıb.