logo

Operativ Qərargah: Ölkə üzrə xüsusi karantin rejimi avqustun 31-dək uzadılır

19:18 17-07-2020 | icon 5061
Operativ Qərargah: Ölkə üzrə xüsusi karantin rejimi avqustun 31-dək uzadılır

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq, ölkə üzrə xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək uzadılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan  bildirilib. Qeyd edilib ki, bununla yanaşı, şəxslər arasında COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda iyulun 20-dən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək. Həmçinin xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq:

25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək;

1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda iyulun 20-dən etibarən masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir. Eyni zamanda, şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələri üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılır.

“Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, özünü və yaxınlarını virusa yoluxmadan maksimum qorumaq üçün preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq”, - deyə Operativ Qərargahın məlumatında qeyd edilib.