logo

Sabah Bakıda 34° isti olacaq

14:17 21-06-2020 | icon 1967
Sabah Bakıda 34° isti olacaq

Azərbaycanda iyunun 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24°, gündüz 30-35° isti, Bakıda gecə 22-24°, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 752 millimetr civə sütunundan 756 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 21-22°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 23-24° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 35-39° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 16-21°, gündüz 32-37° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarının gün ərzində bəzi yerlərində şimşək çaxacağı, leysan xarakterli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 22-27° isti olacağı proqnozlaşdırılır.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 33-38° isti olacağı bildirilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 32-37° isti, dağlarda gecə 11-16°, gündüz 23-28° isti olacağı ehtimal edilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 35-39° isti olacağı ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-25°, gündüz 32-37° isti, dağlarda gecə 16-21°, gündüz 28-33° isti olacağı gözlənilir.