logo

İrandan Avstriyaya kişmiş aparan maşınlardan 281 kq narkotika çıxdı

14:49 01-06-2020 | icon 1981
İrandan Avstriyaya kişmiş aparan maşınlardan 281 kq narkotika çıxdı

Gömrükçülər 281 kiloqramdan çox narkotik vasitə aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən YeniAvropa-ya bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İrandan Avstriyaya “kişmiş” yükü daşıyan iki ədəd “Daf” markalı 34AA941/34AA942 və 91D657-10/91D658-10 qeydiyyat nişanlı yük avtomobillərində külli miqdarda narkotik vasitələrin gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub. Daxil olmuş məlumat əsasında Biləsuvar gömrük postunda ölkəmizdən tranzit keçməklə Avstriyaya “kişmiş” yükü aparan İran vətəndaşları Mırzaeısaatlou Akbar Parvızın və Abdelıkhanghah Ramın Mashatlının idarə etdikləri yük avtomobilləri saxlanılaraq gömrük nəzarətinə cəlb olunub. Kinoloji xidmət itləri xüsusi işarə və hərəkətlərlə yük avtomobillərinə reaksiya verdiyindən Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin əməkdaşları tərəfindən avtomobillər rentgen qurğusunda yoxlanılıb. Şifahi sorğu-sual zamanı hər iki sürücü idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin olmadığını bildirsələr də, rentgen qurğusu vasitəsilə keçirilən baxış zamanı monitorda avtomobillərin yanacaq çənlərinin içərisində şübhəli cizgilər müşahidə olunub. Baxış zamanı düzbucaqlı formalı yanacaq çənlərinin sonradan kustar üsulla iki hissəyə bölündüyü, həmin hissələrdən birində gömrük nəzarətindən gizlədilmiş tünd qəhvəyi rəngli, kəskin qoxuya malik, tərkibində narkotik maddənin - heroinin olduğu məhlul aşkarlanıb.

M.Parvızin idarə etdiyi yük avtomobilinin yanacaq çənindəki gizli saxlanc yerindən tərkibindəki heroin narkotik vasitəsinin çəkisi 143 kiloqram 990 qram olan 374 litr, A.Mashatlının idarə etdiyi yük avtomobilindən isə tərkibindəki heroin narkotik vasitəsinin çəkisi 137 kiloqram 445 qram olan 357 litr məhlul aşkar olunub. Ümumilikdə, hər iki yük nəqliyyat vasitəsindən külli miqdarda, 281 kiloqram 435 qram narkotik vasitə - heroin aşkar edilib.

Nəqliyyat vasitələrinin sürücüləri cinayət hadisələrini törətmələrinə əsaslı şübhələr olduğundan şübhəli şəxs qismində tutulub və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara ittiham elan olunub.