logo

İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak edib-YENİLƏNİB

21:15 28-05-2020 | icon 2247
İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak edib-YENİLƏNİB

Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin mayın 28-də açılışı olub.

YeniAvropa xəbər verir ki, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak ediblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və “Paşa Holding” şirkətinin nümayəndəsi, layihə rəhbəri Kamil Əliyev təməli ötən ilin iyulunda qoyulan kompleksdə yaradılan şərait barədə məlumat veriblər. Bildirilib ki, sifarişçisi “Paşa Holding”, podratçısı isə “Kristal Abşeron” MTK olan yeni qəsəbə Lökbatanda istifadəyə verilən “Qobu Park-1” və “Qobu Park-2” yaşayış komplekslərinin yanında inşa edilib. Bütün bu yaşayış komplekslərinin inşası Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.

Qeyd edilib ki, məcburi köçkünlər üçün salınan bu yaşayış komplekslərinin yeri əvvəllər baxımsız sahə olub. Burada yaşamaq üçün heç bir sosial infrastruktur mövcud olmayıb. 2018-ci ildə bu ərazidə “Qobu Park-1”, ötən il isə “Qobu Park-2” yaşayış kompleksləri istifadəyə verilib. Birinci yaşayış kompleksində 1026 ailəlik doqquzmərtəbəli 11 yaşayış binası, ikinci yaşayış kompleksində isə 1300 ailəlik onmərtəbəli 13 bina inşa olunub. Bu komplekslərin ərazisində məktəblər, uşaq bağçaları, poliklinika, tibb, poçt məntəqələri, idman zalları və digər zəruri sosial infrastruktur obyektləri yaradılıb. “Qobu Park-3” yaşayış kompleksində onmərtəbəli 13 yaşayış binası inşa olunub.

Həmçinin, ərazidə özəl şirkətlər tərəfindən inşa olunan yaşayış kompleksi barədə də məlumat verilib. Bildirilib ki, burada 2 bina inşa olunur və bu binalarda 100-ə yaxın mənzil olacaq.

Kompleksin ərazisində 280 yerlik uşaq bağçası inşa olunub.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.