logo

Sinoptiklərdən güclü külək və yağış xəbərdarlığı

15:32 20-04-2020 | icon 2149
Sinoptiklərdən güclü külək və yağış xəbərdarlığı

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, aprelin 21-23-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, aprelin 21-də bəzi yerlərdə arabir 23-25 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Xidmətdən YeniAvropa-ya bildiriblər ki, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° enəcək.

Bir neçə gün davam edən isti, yağmursuz hava şəraitindən sonra aprelin 21-i axşam Azərbaycanın şimal və qərb rayonlarında, aprelin 22-dən 25-i gündüzədək isə əksər rayonlarda havanın qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Aprelin 21-i axşam və 22-də bəzi qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyinin sürəti aprelin 21-23-də saniyədə arabir 15-20 metr olacaq, 21-də ayrı-ayrı yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° enəcək. Çaylarda sululuğun artacağı gözlənilir.