logo

Azərbaycanda xüsusi karantin rejimi mayın 4-dək uzadıldı

19:59 18-04-2020 | icon 2219
Azərbaycanda xüsusi karantin rejimi mayın 4-dək uzadıldı

Azərbaycan ərazisində "COVID-19" virusunun geniş yayılmasının qarşısının alınması məqsədi ilə tətbiq edilən xüsusi karantin rejiminin 2020-ci il 20 aprel saat 00:00-dan 2020-ci il 4 may saat 00:00-dək uzadılmasına qərar verilib. 

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki,hazırda dünya ölkələri bütün səylərini yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə və profilaktika tədbirlərinə yönəldib. 2020-ci il mart ayından etibarən COVID-19 xəstəliyi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunaraq virusun qarşısının alınması istiqamətində bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bütün bunlara baxmayaraq, hazırda dünyada 2 milyon 160 min 207 nəfər COVID-19 virusuna yoluxub, 146 min 88 nəfər vəfat edib.

Məlumatda qeyd edilib ki, xüsusi karantin rejiminin  mayın 4-dək uzadılması ilə əlaqədar olaraq, Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 saylı qərarında qeyd olunan bütün tədbirlər, o cümlədən yük daşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq olunan məhdudiyyətlər, eləcə də bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması 2020-ci il 4 may saat 00:00-dək uzadılır. Bununla belə, uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanaraq, növbəti həftə ərzində ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda, ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək uzadılmış karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna edilmir.

COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət təhlil edilərək zərurət olduqda karantin rejiminin yenidən sərtləşdirilməsi də mümkündür.

COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.

"COVID-19 pandemiyası zəminində dünyada yaşanan hazırkı fövqəladə vəziyyətdə və dövlətimiz üçün həssas vaxtda ölkə əhalisinə xüsusi karantin rejimi müddətində göstərdikləri əzm və vətəndaş məsuliyyətinə görə bir daha təşəkkür edir, qarşıdakı müddətdə virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir şəxsi karantin rejimi qaydalarına və Operativ Qərargahın tələblərinə əməl etməyə çağırırıq. Müvafiq dövlət qurumlarına, o cümlədən COVID-19 ilə mübarizə aparan səhiyyə işçilərinə göstərdikləri yüksək peşəkarlığa görə təşəkkür edirik",-deyə məlumatda bildirilir.