logo

Avstriyada ticarət obyektlərinin əksəriyyəti fəaliyyətini bərpa edib

14:09 14-04-2020 | icon 2198
Avstriyada ticarət obyektlərinin əksəriyyəti fəaliyyətini bərpa edib

Aprelin 14-də Avstriyada koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərin bir qismi aradan qaldırılıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu gündən etibarən satış sahəsi 400 kvadratmetrdən aşağı olan ticarət obyektlərinin fəaliyyəti bərpa edilib. Tikinti malları və bağçılıq məhsulları satan obyektlər də sahəsindən asılı olmayaraq qapılarını müştərilərə aça bilərlər.

Avstriyanın Federal iqtisadiyyat naziri Marqarete Şrambök hökumətin bu addımını şərh edərkən bildirib ki, ticarət obyektlərinin bir qisminin fəaliyyətini bərpa etməsi iqtisadi həyatın mərhələləri şəkildə normala dönüşü planının tərkib hissəsidir. Yoluxma halları ilə bağlı əldə olunan müsbət tendensiya qısa zamanda digər obyektlərin də fəaliyyətə başlamasını sürətləndirə bilər.

Hökumətin planına əsasən, mayın 1-dən bütün ticarət obyektləri, mayın 15-dən isə restoran və otellər fəaliyyətini bərpa etməlidir.

Qeyd edək ki, ticarət obyektləri və ictimai nəqliyyatda maskadan istifadə məcburidir.

Federal Kansler Sebastian Kurts əhaliyə müraciətində koronavirus pandemiyasına qarşı mübarizənin hazırkı mərhələsində nizam-intizamı qorumağa və bu yolla da yoluxma hallarının artmasına imkan verməməyə çağırıb.