logo

On mindən çox Azərbaycan vətəndaşı Türkiyədə qalıb

17:47 09-04-2020 | icon 2072
On mindən çox Azərbaycan vətəndaşı Türkiyədə qalıb

Dünyanın bir çox ölkələrində, o cümlədən Türkiyədə geniş yayılmış koronavirus infeksiyası (COVID-19) ilə bağlı həyata keçirilən karantin tədbirləri və hərəkətin məhdudlaşdırılması səbəbindən bu ölkəyə müvəqqəti gəlmiş və hazırda Vətənə dönə bilməyən Azərbaycan vətəndaşlarının, həmçinin şəxsi vəsaitləri hesabına bu ölkədə təhsil alan, maddi imkanları məhdud olan tələbələrimizin müəyyən bir qismi bəzi məişət və inzibati zəmində problemlərlə üzləşib. Azərbaycanın Türkiyədəkı səfirliyinə köməklə bağlı bu günədək daxil olmuş 16 mindən çox müraciətin bir qismi səfirlik tərəfindən təhlil olunub və bu kateqoriyaya aid olan 6000-ə qədər vətəndaşımıza SOCAR-ın dəstəyi ilə qida və yaşayış təminatı ilə bağlı yardım edilib. Hazırda qalan və yeni daxil olan müraciətlər də təhlil edilməkdədir və mövcud vəziyyət davam etdiyi dövrdə bu kateqoriyaya aid vətəndaşlarımıza dəstək verilməsi nəzərdə tutulur. Müraciətlərinə hələ ki, cavab verilməyən vətəndaşlarımızdan bir az anlayışlı və təmkinli olmaq xahiş olunur.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəkı səfirliyindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, hazırkı pandemiya şəraitində Azərbaycan ilə Türkiyə arasında hava və quru nəqliyyatı ilə daşımaların həyata keçirilmədiyini nəzərə alaraq, ölkə rəhbərliyinin tapşırığına əsasən bu dövr ərzində vətəndaşlarımıza dəstək göstərilməsi məqsədilə onlara aprelin 1-dən etibarən Azərbaycanın Türkiyədəki səfirliyinə müraciət etmələri üçün imkan yaradılıb.

 

"Vətəndaşlarımızdan eyni məzmunlu təkrar müraciətlər etməməyi xahiş edirik. Təkrar müraciətlər təhlil edilir və cavablandırılması əlavə vaxta ehtiyac yaradır. Qeyd etmək lazımdır ki, müraciətlərin təhlili zamanı yuxarıda qeyd olunmuş kateqoriyaya aid olmayan vətəndaşlarımız (Məsələn, Türkiyə Respublikasında daimi əsasla yaşayan vətəndaşlarımız, hazırda Türkiyə Respublikasının ərazisində olmayan vətəndaşlarımız və sair) tərəfindən də bu kampaniyaya müraciət etmə halları müşahidə olunur ki, bu da əsaslı müraciətlərə cavabların verilməsində əlavə vaxt itkisinə səbəb olur. Bunu nəzərə alaraq bir daha xatırlatmaq istərdik ki, təşkil olunmuş bu yardım kampaniyası Türkiyəyə müvəqqəti gəlmiş, pandemiya səbəbindən Vətənə dönə bilməmiş, qida və yaşayış təminatına ehtiyacı olan Azərbaycan vətəndaşları, xüsusilə də öz vəsaitləri hesabına qardaş ölkədə təhsil alan, maddi imkanları məhdud olan tələbələrimiz üçün nəzərdə tutulub",-deyə məlumatda bildirilib.