logo

Azərbaycanda daha 105 koronavirusa yoluxdu-say 750-yə yüksəldi

16:59 08-04-2020 | icon 2184
Azərbaycanda daha 105 koronavirusa yoluxdu-say 750-yə yüksəldi

"Təəsüf ki, biz hələlik pozitiv xəbərlər verə bilmirik. Yoluxma halları günbəgün artır. Bu günə daha 105 yoluxma faktı təsdiqlənib".

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib. Onun sözlərinə görə, bu günə qədər ölkədə 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib. Hazırda 750 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Brifinqdə TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı bildirib ki, bütün regionlarda sərhəd-keçid məntəqələrində yüksək səviyyəli karantin yerləri yaradılıb: " Oradakı şərait də qənaətbəxşdir".

Onun sözlərinə görə, 14-21 günlük karantin müddətində xəstələrin müalicələri üçün hər şey edilir: "Bəzən karantin rejiminin qaydalarını insanlar düzgün başa düşmür. Ona görə də əhali diqqətli olmalıdır".

TƏBİB sədri bildirib ki, nə qədər çox şəxsə vaxtında dəqiq diaqnoz qoyulsa, onda xəstəliyə yoluxanların sayında azalma əldə etmək mümkün olar: "Testlərlə bağlı xüsusi logistika proqramı hazırlanıb. Təcili yardım briqadaları daim hazır vəziyyətdə olurlar. Ölkə üzrə 22 tibb müəssisəsi karantin üçün ayrılıb".

R.Bayramlı bu günə qədər Azərbaycanda koronavirusa görə  mindən çox test həyata keçirilib, 3000-dən çox müayinə aparılıb. Onun sözlərinə görə, gələn həftə Şəki və Sumqayıtda yeni laboratoriya açılacaq.