logo

Prezidentin əfv sərəncamının icrasına başlanılıb

10:59 07-04-2020 | icon 2247
Prezidentin əfv sərəncamının icrasına başlanılıb

Aprelin 7-də Ədliyyə Nazirliyinin Penitensiar Xidməti prezident İlham Əliyevin ötən gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamının icrasına başlayıb.

YeniAvropa xəbər verir ki, sərəncamın icrası Ombudsman Aparatının, dövlət qurumlarının, Ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, insan hüquqlarının müdafiəsi təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrində həyata keçirilir. Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrinə gələrək Sərəncamın icrasını vaxtında və yüksək səviyyədə təmin edirlər.

Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrindən azadlığa buraxılırlar. Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə, o cümlədən ahıllara, qadınlara və digər məhkumlara azad olunmaları barədə sənədləri təqdim edirlər.

Xatırladaq ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı olan 176 nəfər Sərəncama əsasən, cəzasının çəkilməmiş hissəsindən azad edilib. Dövlətimizin başçısı bu Sərəncamı dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalayıb.