logo

Paytaxtda saxta icazə arayışını 20 manata satan şəxs saxlanılıb

15:55 06-04-2020 | icon 406
Paytaxtda saxta icazə arayışını 20 manata satan şəxs saxlanılıb

Polis əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbir nəticəsində yaşayış yerini tərk etmək üçün tələb olunan icazə sənədini saxtalaşdıraraq pul müqabilində satan və bununla da karantin qaydaları kobud şəkildə pozan şəxslər saxlanılıblar. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, araşdırma zamanı müəyyən edilib ki, İmişli rayon sakini “Meqata” MMC-nin sahibi Mehman İmanov Bakı şəhəri ərazisində sərbəst gəzmək üçün paytaxtın Nizami rayonunda yerləşən ofisində özünə məxsus kompüterdə saxta icazə vərəqələri çap edib. O, icazə vərəqələrini tanışları -paytaxt sakini Rahib Qurbanov və Gədəbəy rayon sakini Arzuman Abdullayevə 20 manat müqabilində satıb. Hər 3 şəxs polislər tərəfindən saxlanılıb və onlar etdikləri qanunsuz əməli etiraf ediblər.

Hazırda saxlanılan şəxslərin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmələri istiqamətində işlər davam etdirilir.

Daxili İşlər Nazirliyi bir daha vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminə əməl etməyə çağırır.