logo

Azərbaycan sabahdan neft istehsalında öhdəliklərdən azaddır

13:10 31-03-2020 | icon 2478
Azərbaycan sabahdan neft istehsalında öhdəliklərdən azaddır

Aprelin 1-dən Azərbaycan da neft hasilatının məhdudlaşdırılması ilə bağlı öhdəliklərindən azaddır.

YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib. Qeyd edilib ki, “OPEC+” ölkələri üzrə gündəlik neft hasilatının 1,7 milyon barrel azaldılması ilə bağlı 2019-cu il dekabrın 6-da imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin icrası bu gün başa çatır. Azərbaycan bu müddət ərzində “Əməkdaşlıq Bəyannaməsi” üzrə 27 min barrel həcmində öhdəliyini tam yerinə yetirib. Yanvar-mart aylarında ölkədə gündəlik neft hasilatı təxminən 754 min barrel olub. Azərbaycan neft istehsalını 2020-ci ilin planına və mövcud vəziyyətə uyğun həyata keçirəcək.

Məlumatda qeyd edilib ki, Azərbaycan qlobal neft bazarının sabitləşdirilməsinin tərəfdarıdır və bu məqsədlə “OPEC+” ölkələri arasında uzlaşmanın əldə edilməsi üçün mart ayında aparılan məsləhətləşmələr prosesində yaxından iştirak edib. Bundan sonra da Azərbaycan “OPEC+” formatında əməkdaşlığını neft istehsal edən ölkələr arasında Xartiya çərçivəsində davam etdirəcək.