logo

61 ölkədə 8739 nəfər koronavirusa yoluxub, onlardan 127 nəfəri ölüb

18:19 03-03-2020 | icon 2254
61 ölkədə 8739 nəfər koronavirusa yoluxub, onlardan 127 nəfəri ölüb

Martın 2-nə olan son məlumata əsasən,  61 ölkədə 8739 nəfərdə koronovirusa yoluxma halı qeydə alınıb, onlardan 127 nəfər bu virusun qurbanı olub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Dünya Səhiyyə Təşkilatının (DST) rəhbəri Tedros Adhanom Gebreyesus bu gün Cenevrədə keçirdiyi mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, daha təhlükəli vəziyyət hazırda Cənubi Koreya, İtaliya, İran və Yaponiyada cərəyan edir.

Tedros Gebreyesus vurğulayıb ki, Çində koronavirusa yeni yoluxmaların sayı azalmaqda davam edir. Ötən ilin sonunda epidemiyanın başladığı Çinlə müqayisədə digər ölkələrdə dünən 9 dəfə çox virusa yoluxma halı təsdiqlənib.

"Son iki gündə Çində cəmi 206 yeni yoluxma halı təsdiqlənib. Bunlardan yalnız 8-i yeni koronavirusun baş qaldırdığı Xubey əyalətinin hüdudlarından kənardadır. Əksinə, dünyada isə virusun yayılma coğrafiyası genişlənir",-deyə Tedros Gebreyesus vurğulayıb.

O, DST-nin ekspertlər qrupunun artıq Tehrana çatdığını xəbər verib. Onlar özləri ilə müxtəlif tibbi ləvazimatlar, o cümlədən koronavirusu aşkarlamaq üçün zəruri olan laboratoriya materialları aparıblar. Bundan başqa, mütəxəssislər İran hökumətinə virusla mübarizədə texniki dəstək göstərəcəklər. Doktor Tedros DST-nin bu ölkədəki nümayəndəliyinin bir əməkdaşının da virusa yoluxduğunu deyib.

"Cənubi Koreyada yoluxma hallarının sayı 4200-ə çatıb, 22 nəfər bu xəstəlik nəticəsində ölüb. Lakin bütün yoluxma hallarının beş rayonda cəmlənməsi faktı həkimlərdə nikbinlik əmələ gətirir. Virusun ölkənin digər hissələrinə yayılması məhdudlaşdırılıb. Bu, çox mühümdür. Bu, o deməkdir ki, epidemioloji tədbirlər uğurla nəticələnir. Epidemiya barədə dəqiq göstəricilər – xəstəlik üzərində qələbəyə doğru ilk addımdır”, - deyə DST rəhbəri bildirib.

T.Gebreyesus bildirib ki, tibb ictimaiyyəti unikal vəziyyətlə qarşı-qarşıyadır: bir insandan digər insana keçən respirator infeksiyaları saxlamaq mümkün deyil. “Əgər söhbət qrip epidemiyasından getsəydi, o zaman qrip bütün Yer kürəsini caynağına keçirər və heç bir səylər onun yayılmasını dayandırmağa kömək etməzdi. Lakin yeni koronavirusu dayandırmaq mümkündür. Bütün dünya ölkələri bu hədəfi öz prioritetlərinin sırasına daxil etməlidirlər”, - deyə doktor Tedros hesab edir.