logo

Yaponiyada ilk dəfə imperator Naruhitonun doğum günü dövlət bayramı kimi qeyd edilir

11:55 23-02-2020 | icon 2429
Yaponiyada ilk dəfə imperator Naruhitonun doğum günü dövlət bayramı kimi qeyd edilir

Fevralın 23-də Yaponiyanın yeni imperatoru Naruhitonun doğum günü ilk dəfə olaraq rəsmi dövlət bayramı kimi qeyd edilir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, imperator Naruhito öz monarx səlahiyyətlərini 2019-ci il mayın 1-də, atası imperator Akihito könüllü şəkildə taxtı tərk etdikdən sonra əldə edib . Fəxri impertaor titulu alan Akihito isə yaşının çoxluğu ilə əlaqədar dincəlməyə yollanıb.

Xatırladaq ki, fəxri imperator Akihito son iki yüz ildə imperator Kokakudan sonra taxtı könüllü tərk edən ilk yapon monarxdır.

Qeyd edək ki, adətən Yaponiya imperatorunun doğum günündə sarayın qapıları monarxı təbrik etmək məqəsədilə gələnlərin sərbəst girişi üçün açıq olur. İmperator və ailə üzvləri gün ərzində üç dəfə xüsusi eyvana çıxaraq, buraya toplaşanları salamlayırlar. Lakin cari ildə yeni koronovirusun yayılması təhlükəsi ilə əlaqədar həmin mərasimin təşkili ləğv edilib. Bu barədə İmperator Saray dəftərxanası xüsusi məlumat yayıb.

Rəsmi mənbələrə əsasən, imperator Naruhitonun doğum günü cari ildə yalnız əcnəbi diplomatların da qatılacağı xüsusi mərasimlə yekunlaşacaq.

Anadan olmasının 60 illiyi ərəfəsində kütləvi-informasiya vasitələrinin nümayəndələri ilə görüşən imperator Naruhito öz fikirləri ilə bölüşüb. Bu, imperatorun taxta çıxdıqdan sonra keçirdiyi ilk mətbuat konfransı olub.

Atası fəxri imperator Akihitonun keçdiyi yol barədə çox fikirləşdiyini qeyd edən imperator Naruhito əvvəlki imperatorların fəaliyyətini təhlil edərək özünü təkmilləşdirməyə çalışacağını da bildirib.

Həmişə insanlar barədə düşündüyünü vurğulayan monarx onları həmişə dəstəklədiyini, öz vəzifələrini həyata keçirmək üçün qətiyyətlə çalışacağını deyib.

İmperator əlavə edib ki, Yaponiya onun atasının taxta çıxdığı 1989-cu ildən sonra xeyli dəyişib. Müasir texnologiyalar, smartfonlar, iqlim dəyişmələri ilə bağlı tez-tez baş verən təbii fəlakətləri bununla bağlı faktlar kimi göstərmək olar.

Monarx deyib ki, o, sürətlə dəyişən cəmiyyətə xidmət üçün öz vəzifələrinə daha məsuliyyətlə yanaşmağa və buna uyğun hərəkət etməyə çalışacaq. Bunun üçün o çoxsaylı insanlarla görüşməyi və onları şəxsən diqqətlə dinləməyi vacib sayır.