logo

Bilal Ərdoğanın federasiyasının forumu gələn il Bakıda keçiriləcək

20:32 22-02-2020 | icon 2226
Bilal Ərdoğanın federasiyasının forumu gələn il Bakıda keçiriləcək

Gələn il Bakıda Beynəlxalq Etnoidman Forumu keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, bu barədə Beynəlxalq Etnoidman Federasiyasının prezidenti Bilal Ərdoğan Antalyada keçirilən III Beynəlxalq Etnoidman Forumunda məlumat verib.

“Etnoidman növlərinin yenidən inkişaf etdirilməsi” mövzusunda təşkil olunan Antalya Forumunda Beynəlxalq Etnoidman Federasiyasının prezidenti Bilal Ərdoğan, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu və digər ölkələrin nazirləri etnoidmanın dünyada daha geniş yayılmasına və tanıdılmasına dair birgə bəyanat imzalayıblar.

Gənclər və idman naziri Azad Rəhimov Forumda çıxış edərək 2021-ci ildə IV Beynəlxalq Etnoidman Forumunun Bakıda keçirilməsinə dair qərarın qəbulunun ölkəmizin indiyədək bir sıra mühüm idman yarışlarına və tədbirlərinə uğurla ev sahibliyi etməsinin nəticəsi olduğunu deyib. Etnoidmanın inkişafına dair birgə bəyannamənin imzalanmasını önəmli addım adlandıran nazir bunun milli idman növlərinin inkişafı, kütləviliyinin artırılması və təbliği işinə digər ölkələrin də cəlb olunması, eləcə də bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi baxımından yeni imkanlar açacağını vurğulayıb.

A.Rəhimov III Beynəlxalq Etnoidman Forumunun xalqların zəngin və çoxəsrlik mədəni irslərinin, yüz illərlə formalaşmış adət-ənənələrinin və mədəniyyətlərinin, milli idman növlərinin inkişafında və daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacağını bildirib. Nazir Azərbaycan milli atüstü idman oyunun - çövkənin 2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına salınmasının ölkəmizin böyük uğuru olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, işini fevralın 23-də başa çatdıracaq Forumda 49 ölkədən dövlət və hökumət rəsmiləri, federasiyaların təmsilçiləri və elm adamları olmaqla ümumilikdə 200 nümayəndə iştirak edir. Toplantıda “Milli idman və oyunların hökumətlər tərəfindən dəstəklənməsinin əhəmiyyəti”, “Dövlət qurumlarının diqqətinin bu sahələrə yönəldilməsi yolları”, “Milli idman və oyunlar vasitəsilə gənc nəslin yetişdirilməsini təmin etmək və gənclərin vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaq”, “Nəsillər və mədəniyyətlər arasında əlaqələrin qurulmasında etnoidmanın rolu”, “Milli idman növləri ilə bağlı məlumatların və sənədlərin toplanmasında universitetlərin, federasiyaların və klubların əməkdaşlığının vacibliyi” və digər mövzularda müzakirələr aparılır.

Xattırladaq ki, Etnoidman Federasiyasının prezidenti Bilal Ərdoğan Türkiyə prezidenti Rəcəb tayyub Ərdoğanın oğludur.