logo

Bu gün İranda parlament seçkiləri keçirilir

11:59 21-02-2020 | icon 1953
Bu gün İranda parlament seçkiləri keçirilir

Bu gün İranda İslam Şurası Məclisinə (parlament) seçkilər keçirilir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  290 yerlik parlamentə seçilmək üçün 7157 nəfər mübarizə aparır. İranın Daxili İşlər Nazirliyinin Milli Seçki İdarəsinin məlumatına görə, ölkə üzrə 54 mindən çox seçki dairəsi yaradılıb. Seçki İdarəsinin rəhbəri Camal Orf bildirib ki, İranda 54 milyon 918 nəfərin səsvermə hüququ var. İranda 18 yaşdan yuxarı vətəndaşlar parlament seçkilərində namizədliklərini irəli sürə bilərlər. Lakin İranda fəaliyyət göstərən Konstitusiyanın Müdafiə Şurası namizədləri nəzərdən keçirərək onların seçkidə iştirakına qərar verir. Şuranın rəyi olmadan namizəd Milli Seçki İdarəsi tərəfindən qeydə alına bilməz. Səsvermə prosesinin 85 faizi elektron qaydada həyata keçirilir ki, bu da saxtakarlığın qarşısını 90 faizə qədər alır.

Prezident seçkilərində olduğu kimi, parlament seçkilərində də əsas mübarizə İran siyasətinin sütununu təşkil edən iki böyük siyasi düşərgə - islahatçılar və mühafizəkarlar arasında aparılır.

Qeyd edək ki, budəfəki parlament seçkiləri ABŞ ilə kəskin qarşıdurma şəraitində keçirilir. İqtisadi sanksiyalar ölkədəki sosial vəziyyəti ağırlaşdırıb ki, bu da hakimiyyətdə olan islahatçılar qanadının nüfuzuna təsirsiz ötüşməyib. Buna baxmayaraq, İranda seçicilər fəallıq nümayiş etdirirlər. Artıq İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyi səsvermədə iştirak edib.