Güclü külək, çovğun və qatı duman səbəbindən Gürcüstandan Rusiyaya gedən və beynəlxalq əhəmiyyətli yeganə avtomobil yolu fevralın 7-də bütün növ avtomobillər üçün bağlanıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Gürcüstandan Rusiyaya gedən Mtsxeta-Stepantsminda-Lars (Hərbi Gürcüstan yolu) magistralının Qudauri-Kobi hissəsində güclü külək, çovğun, qatı duman və bəzi hissələrdə yolun buz bağlaması ciddi problemlər yaradıb.
Vətəndaşların və sürücülərin təhlükəsizliyi baxımından avtomagistralın Qudauri-Kobi hissəsində bütün növ avtomobillərin hərəkəti qadağan edilib.
Hazırda yolda xeyli avtomobil dayanıb.
Qeyd edək ki, Mtsxeta-Stepantsminda-Lars yolu Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil yoludur.