logo

Görkəmli neftçi-alim Xoşbəxt Yusifzadənin 90 yaşı tamam oldu

09:15 14-01-2020 | icon 2268
Görkəmli neftçi-alim Xoşbəxt Yusifzadənin 90 yaşı tamam oldu

Yanvarın 14-də tanınmış neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik, neft tariximizin canlı əfsanəsi Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur.

YeniAvropa xəbər verir  ki,Xoşbəxt Yusifzadə Xəzər dənizində genişmiqyaslı axtarış-kəşfiyyat işləri aparılmasında və oradakı karbohidrogen ehtiyatlarının üzə çıxarılmasında müstəsna xidmətlər göstərib, Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazıb. X.Yusifzadənin iştirakı və rəhbərliyi ilə 20-dən çox neft-qaz yatağı kəşf edilərək istismara verilib. 

Xatırladaq ki, Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub. 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirərək dağ mühəndisi-geoloq ixtisasına yiyələnib. Əmək fəaliyyətinə elə həmin il SSRİ Neft Sənayesi Nazirliyinin Bakıdakı “Dövlətxüsusineftlayihə” idarəsində başlayıb, daha sonra “Dənizneft” Birliyində, “Gürganneft” trestində (indiki “Neft Daşları” NQÇİ), “Başdənizneft” İdarəsində, “Xəzərdənizneft” Birliyində, “Azərineft” Dövlət Konsernində və Dövlət Neft Şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2004-cü ildə SOCAR-ın vitse-prezidenti, 2016-cı ildə isə birinci vitse-prezidenti vəzifəsinə təyin edilib.

Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında neft və qaz yataqları, o cümlədən dünyada məşhur olan “Azəri”, “Çıraq” və “Günəşli” yataqları kəşf olunub və istismara daxil edilib. Azərbaycanın məşhur neftçi-aliminin xarici şirkətlərlə birgə aparılmış demək olar ki, bütün işlərdə, o cümlədən “Azəri-Çıraq-Günəşli” (dənizin dərin hissəsi) yataqlarının işlənməsində, “Əşrəfi”, “Qarabağ”, nəhəng “Şahdəniz” qaz-kondensat, “Abşeron” kimi yataqların, eləcə də 2010-cu ildə SOCAR-ın öz gücü ilə açdığı “Ümid” yatağının kəşf edilməsində əvəzedilməz rolu olub.

Geologiya-mineralogiya elmləri doktoru, professor və AMEA-nın həqiqi üzvü Xoşbəxt Yusifzadə neft və qaz-kondensat yataqlarının kəşfi və işlənilməsi sahəsində elmi konsepsiyanın hazırlanmasına görə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb, “Neftçi Geoloqları Cəmiyyəti” İctimai Birliyinin (İB) fəxri üzvü seçilib. Dünya elmi və iqtisadiyyatı qarşısında xidmətlərinə görə İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən “UN Council for Public Awards” (“UNCOPA”) təşkilatının “Avropa xidmət” ordeni ilə təltif edilib. O, SSRİ-nin iki “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenlərinə, iki dəfə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Müstəqillik illərində isə əməyi Azərbaycanın “İstiqlal”, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Əmək” ordenləri, eləcə də Heydər Əliyev Mükafatı ilə qiymətləndirilib.