logo

Sabah 125 dairənin 7-sində bələdiyyə seçkisi keçirilməyəcək

15:41 22-12-2019 | icon 2569
Sabah 125 dairənin 7-sində bələdiyyə seçkisi keçirilməyəcək

Bələdiyyə seçkiləri ilə əlaqədar bütün məntəqələr tam hazır vəziyyətdədir.

 YeniAvropa xəbər verir  ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

MSK sədri qeyd edib ki, seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Bələdiyyə seçkiləri 118 dairəni əhatə edəcək. Azərbaycanda mövcud olan 125 dairənin 7-si bu proseslərdə iştirak etmir. Çünki bunlar Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yerləşən dairələrdir. Ümumilikdə, həmin dairələrdən başqa digər 7 dairədə də məcburi köçkün vətəndaşlarımız var və burada seçicilərin sayı 339 min 326 nəfərdir.

Sədr deyib ki, seçkilər ümumilikdə 5049 məntəqəni əhatə edəcək. Səsvermədə iştirak edəcək seçicilərin sayı 4 milyon 972 min 356 nəfərdir. Seçkilərlə əlaqədar bütün siyahılar dəqiqləşdirilib və məntəqələrdən asılıb. Seçkilərdə şəffaflığın təmin edilməsi üçün 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Sevindiricidir ki, indiyə qədər veb-kameraların fəaliyyəti ilə bağlı heç bir problem yaranmayıb. Veb-kamera praktikasının müəllifliyi Azərbaycana məxsusdur.

Məzahir Pənahov bildirib ki, hazırda 1606 bələdiyyə üzrə çap olunmuş bülletenlərə 41 min 462 namizədin adı daxil edilib. Ümumilikdə 5 milyon 20 min 287 seçki bülleteni çap olunub. Seçkilərdə 13 siyasi partiyanın üzvləri namizəd kimi qeydə alınıb ki, bu da Azərbaycanda bələdiyyə seçkilərinə marağın artmasının göstəricisidir.

Diqqətə çatdırılıb ki, bələdiyyə seçkilərini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 52 min 636 nəfərdir. Həmçinin 17 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

MSK sədri vurğulanıb ki, seçkilər Seçki Məcəlləsinin tələbinə tam uyğun olmalıdır. O, Mərkəzi Seçki Komissiyasının seçkilərlə əlaqədar müxtəlif maarifləndirmə tədbirləri, təlimlər keçirdiyini də diqqətə çatdırıb.

Qeyd edilib ki, səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq.