logo

UEFA Türkiyə Futbol Federasiyasına töhmət verib

12:15 21-12-2019 | icon 3003
UEFA Türkiyə Futbol Federasiyasına töhmət verib

Avropa Futbol Assosiasiyaları Federasiyası (UEFA) Fransa və Albaniya komandaları ilə matçlarda Türkiyə milli yığmasının oyunçularının provokasiya xarakterli davranışına görə Türkiyə Futbol Federasiyasına töhmət verib.  YeniAvropa  "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı UEFA-nın mətbuat xidməti yayıb.

Oktyabrın 11-də Türkiyə-Albaniya yığmalarının görüşündə (1:0) Türkiyə komandasının oyunçuları qələbə qolunu əllərini gicgahlarına apararaq hərbi salam verməklə qeyd ediblər. Bir sıra Fransa KİV-lərinin yazdığına görə, bununla onlar Türkiyənin Suriyada hərbi əməliyyata başlamasına işarə ediblər. Türkiyə futbolçuları oktyabrın 14-də Fransa komandası ilə görüşdə vurduqları qolu (1:1) da bu şəkildə bayram ediblər. UEFA töhmət verməklə yanaşı, Türkiyə Futbol Federasiyasını 50 min avro məbləğində cərimələyib.

UEFA oktyabrda, Avropa Liqasının qrup mərhələsində Avstriyanın “Volfsberger” klubunu öz meydanında qəbul edən və 1:0 hesabı ilə ona qalib gələn “Başakşehir” klubuna da analoji davranışa görə töhmət verib.

Türkiyə yığması seçmə turnirin yekunlarına görə, 2020-ci ilin Avropa çempionatının finalına vəsiqə qazanıb. O, burada İtaliya, Uels və İsveçrə komandaları ilə bir qrupda yarışacaq. Avropa çempionatı turnirin 60 illik yubileyi münasibətilə 2020-ci il iyunun 12-dən iyulun 12-dək Avropanın 12 şəhərində - Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək.