logo

Prezidentin qızının həbs müddəti uzadıldı

11:30 05-12-2019 | icon 2485
Prezidentin qızının həbs müddəti uzadıldı

Özbəkistanın ilk prezidentinin böyük qızı Gülnarə Kərimovanın həbs müddəti növbəti dəfə uzadılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə onun Londonda yaşayan qızı İman Kərimova özünün "İnstaqram" səhifəsində məlumat yerləşdirib. O, anasının həbs cəzasının nə vaxt, kim tərəfindən və nə qədər uzadıldığını açıqlamayıb.

“Vətəndaşlardan və jurnalistlərdən gələn sual axınının artması ilə əlaqədar olaraq, komandamız Gülnarə Kərimovaya qarşı siyasi motivli məhkəmə işi haqqında tam məlumat dərc etməyə başlayacaq”, – deyə İman Kərimova "İnstaqram"da yazıb.

O, Özbəkistan hökumətini qanunsuz üsullardan istifadə edərək “anasını ittihamlarla boğmaq” istədiyini iddia edib. İman Kərimova qeyd edib ki, odur ki qarşı tərəf də qanunsuz üsullarla bağlı şəffaflığı təmin edəcək “detallar və faktlar”ı tezliklə ictimailəşdirəcəklər.

İman Kərimovanın sözlərinə görə, istintaqın əsas məqsədi ölkədəki bütün mümkün iqtisadi və sosial çatışmazlıqlar və problemləri Gülnarə Kərimovanın üstünə "yıxmaq"dır.

“Bu yaxınlarda işə “məxfi” statusu verilib, buna əsas verən səbəblər isə izah edilməyib. Hətta anamın vəkillərinin belə həmin materiallara çıxışı yoxdur. Bu konstitusiyaya tamamilə ziddir”,- deyə İman Kərimova qeyd edib.

Qeyd edək ki, Gülnarə Kərimova Özbəkistanda vergi ödəməkdən yayınma, mənimsəmə, qəsb və ofşor şirkətlərin sənədlərini məhv etməkdə ittiham olunaraq  2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib. Kərimova bu hökmdən sonra bir müddət ev düstağı olub.Lakin 2019-cu ilin mart ayında ev dustaqlığının şərtlərini pozduğuna görə, Daşkənd vilayətinin Zangiata rayonundakı 21 saylı qadın koloniyasına köçürülüb.

Xatırladaq ki, Gülnarə Kərimova 2008-ci ildən 2013-cü ilədək Özbəkistanın BMT və Cenevrədəki digər beynəlxalq təşkilatlardakı nümayəndəsi olub. 2013-cü ildə ölkədən külli miqdarda pul çıxarmaqda şübhəli bilinərək haqqında cinayət işi açılıb. Daha sonra o, geri çağırılıb, diplomatik toxunulmazlıqdan məhrum edilib və hesabındakı 800 milyon frank dondurulub. 

Stokholmda nəhəng “Tella” telekommunikasiya şirkətinin üç sabiq rəhbərinin işi üzrə keçirilən məhkəmədə isə məlum olub ki, 2007-ci ildən 2010-cu ilədək şirkət Özbəkistanda fəaliyyətlərini davam etdirmək üçün Gülnarə Kərimovaya 400 milyon dollar rüşvət verib.

Təsdiq olunub ki, iki cinayət işi üzrə Özbəkistana vurulan zərər 2 milyard ABŞ dolları təşkil edir.