logo

İlham Əliyev Bilal Ərdoğanı qəbul edib

16:50 14-11-2019 | icon 2261
İlham Əliyev Bilal Ərdoğanı qəbul edib

Prezident İlham Əliyev noyabrın 14-də Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. O, rəhbərlik etdiyi nümayəndə heyətinin Dünya dini liderlərinin II Sammitində iştirakından məmnunluğunu bildirib.

Dünya dini liderlərinin II Sammitinin əhəmiyyətinə toxunan prezident  Türkiyənin bu tədbirdə geniş tərkibdə təmsil olunmasının önəmini qeyd edib. Prezident İlham Əliyev bu yaxınlarda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən növbəti Sammiti çərçivəsində Rəcəb Tayyib Ərdoğanla görüşünü məmnunluqla xatırlayıb.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.Dövlət başçısı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin dövlət başçısına çatdırmağı xahiş edib.