logo

“Caspian Ecology” sərgisi 15 ölkədən 500-dən çox şirkəti bir araya gətirib

15:13 12-11-2019 | icon 2667
“Caspian Ecology” sərgisi 15 ölkədən 500-dən çox şirkəti bir araya gətirib

Noyabrın 13-dən 15-dək Bakı Ekspo Mərkəzində “Caspian Ecology” - X Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi keçiriləcək. Hər il olduğu kimi sərgi ətraf mühit sahəsində yeni texnologiyalar nümayiş etdirən, maraqlı layihələrlə çıxış edən şirkətləri bir platformada toplayacaq. Üç gün ərzində 10 ölkədən 60 şirkət sərginin peşəkar auditoriyasında sənayenin ən son nailiyyət və innovasiyalarını nümayiş etdirəcək. Sərgi çərçivəsində noyabrın 14-də Bakı Ekspo Mərkəzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Coca Cola” şirkətinin təşkilatçılığı ilə bərk məişət tullantılarının idarə olunmasına həsr edilmiş seminar keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev noyabrın 12-də keçirilən mətbuat konfransında deyib. O, bildirib ki, ekoloji məsələlər daim dövlətin diqqət mərkəzindədir. Ölkəmizdə atmosferə atılan tullantıların qarşısının alınması, çirkab suların təmizlənməsi, yaşıllıqların artırılması və s. istiqamətlərdə tədbirlər həyata keçirilir.

“Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov bildirib ki, “Caspian Ecology” sərgisi ilk dəfə 2010-cu ildə öz qapılarını ziyarətçilərin üzünə açıb. Həmin vaxtdan etibarən həm Azərbaycan, həm də region mütəxəssisləri arasında sərginin nüfuzu durmadan artır. Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib. “Caspian Ecology” sərgisi dövlət sektorunu təmsil edən nümayəndələr, ekoloji məhsulların istehsalçısı, satıcı və istehlakçıları, o cümlədən sektor ekspertlərinin ənənəvi görüş yeri olmaqla yanaşı, faydalı əlaqələr qurmaq və ekologiya sənayesinin aktual təmayülləri ilə tanış olmaq üçün effektiv platformadır.

Sərgi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir. Bu il ilk dəfə olaraq sərgiyə KOBİA da dəstək göstərir. KOBİA “Caspian Ecology” sərgisində kiçik və orta sahibkarlara dəstək məqsədilə öz stendi ilə iştirak edəcək. Bu stenddə ekologiya sahəsində fəaliyyət göstərən bir sıra KOB subyektləri öz məhsul və xidmətlərini nümayiş etdirəcək.

Layihə meneceri Jalə Məmmədova sərgidə Azərbaycanla yanaşı, Almaniya, Xorvatiya, Çex Respublikası, Türkiyə, İtaliya, Rusiya və digər ölkələrin şirkətlərinin öz məhsul və xidmətlərini təqdim edəcəklərini bildirib.

Ənənəvi olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin stendində son il ərzində nazirliyin dəstəyi ilə hazırlanmış ətraf mühitin mühafizəsi sahəsində mütərəqqi ekoloji layihələr təqdim ediləcək. Həmçinin Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, “EkoSfera”, “IDEA” İctimai birliyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi sərgidə öz stendləri ilə iştirak edir. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azergold”, “Azersun Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti, “BP”, “GIZ”, “SOCAR Polymer”, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti və digər şirkət və strukturlar sərginin daimi iştirakçıları sırasındadır. Debütantlar arasında “SOCAR Foster Wheeler Engineering”, “MEVA A.S.” (Çex Respublikası), “DVOKUT-EKPO” MMC (Xorvatiya), “ARC Su Aritma Texnologiyaları” (Türkiyə) və digər şirkətlər yer alır. Sərginin debütantlarının ümumi sayı isə iştirakçıların 45 faiz təşkil edir.

Ümumiyyətlə, sərgi ekspozisiyasında tullantıların təkrar emal avadanlıqları, sutəmizləyici avadanlıqlar, suvarma sistemləri, balıqartırma təsərrüfatına və s. dair məhsul və xidmətlər təqdim olunacaq. Sərgi çərçivəsində müxtəlif tədbirlər həyata keçiriləcək. Bundan əlavə, Bakı Ekspo Mərkəzinin foyesində “Treş-art” (“Tullantıdan sənətə”) ekspozisiyası nümayiş olunacaq. Bu ekspozisiya çərçivəsində “Təmiz Şəhər” ASC ilə birlikdə istehsalat tullantılarından hazırlanmış sənət əşyaları sərgilənəcək. Həmçinin rəssam Aytən Abdullayevanın köhnə jurnal kəsiklərindən hazırlanmış orijinal rəsm əsərləri, Nəzrin Musayevanın polietilen paketlərdən hazırlanmış pannosu və xüsusi olaraq okeanları çirkləndirən plastik kütlələrdən birdəfəlik istifadə problemini ön plana çəkmək məqsədilə Azərbaycan Beynəlxalq Məktəbi “TISA”nın şagirdləri tərəfindən plastik qablardan hazırlanmış 7,5 metrlik nəhəng balina sərginin bir hissəsini təşkil edəcək. Bakı Ekspo Mərkəzinin açıq havasında ətraf mühitə zərər verməyən müxtəlif növ nəqliyyat vasitələri sərgilənəcək.

Layihə meneceri qeyd edib ki, sərgi çərçivəsində ilk dəfə olaraq noyabrın 13-də “Şirkətlərin sosial məsuliyyəti – Yaşıl dalğa” sessiyası təşkil olunacaq. Həmin sessiyanın gedişatında bir sıra şirkət nümayəndələri öz korporativ məsuliyyət siyasətləri çərçivəsində ekoloji istiqamətdə həyata keçirilən tədbirlər üzrə praktiki təcrübələrini paylaşacaqlar.