logo

Neft Daşlarının 70 illiyi təntənəli şəkildə qeyd edilib

22:13 07-11-2019 | icon 2856
Neft Daşlarının 70 illiyi təntənəli şəkildə qeyd edilib

Noyabrın 7-də Neft Daşlarında ilk neftin çıxarılmasının 70-ci ildönümü təntənəli şəkildə qeyd edilib.

 YeniAvropa xəbər verir  ki, SOCAR-ın baş ofisində təşkil olunan mərasimdə əvvəlcə Neft Daşlarına həsr olunmuş film nümayiş etdirilib. Filmdə Neft Daşlarının yaranması, Azərbaycan neftçilərinin ilk neftin çıxarılması üçün göstərdikləri şücaət və qəhrəmanlıq, ötən 70 ildə burada əldə edilmiş nailiyyətlər əks olunub.

Prezidentin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva prezident İlham Əliyevin Neft Daşlarının 70 illiyi münasibətilə Azərbaycan neftçilərinə təbrikini oxuyub.

Yubiley mərasimində geniş məruzə ilə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev Neft Daşlarının fəth edildiyi dövrdə dəniz neftçilərinin ilk nəslinin göstərdiyi qəhrəmanlıq və fədakarlığın sonrakı nəsillər üçün örnək olduğunu vurğulayaraq deyib: “1949-cu ildə hələ dənizdə neft kəşfiyyatı və hasilatı sahəsində heç bir təcrübə yox idi, müasir texnologiyalar, norma və standartlar işlənilməmişdi. Geoloji strukturunun çoxlaylı olmasına, zəngin ehtiyatlarına görə unikal bir yataq olan Neft Daşlarında kəşfiyyat və istismar məqsədlərinə çatmaq üçün yeni və tamamilə fərqli yanaşmaya ehtiyac vardı. Azərbaycan neftçiləri bütün bu problemlərin öhdəsindən layiqincə gələ bildilər. Neft Daşlarında qazanılan zəngin təcrübə sonrakı dövrdə Xəzərin digər sahələrində axtarış-kəşfiyyat işlərinin sürətləndirilməsinə güclü təkan verdi, az müddətdə yeni yataqların kəşf olunmasına və istismara daxil edilməsinə yol açdı. Xəzərin qəhrəman fatehlərinin və onların ardıcılları olan dəniz neftçilərinin hünəri nəsillərə nümunədir”.

Daha sonra SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə söz alaraq uzun illər çalışdığı Neft Daşlarının şanlı inkişaf tarixindən danışıb və deyib: “Məndən əvvəl çıxış edənləri dinləyərkən gözlərim önündə Xəzərdə keçən aylarım, illərim canlanır, “Əsrin müqaviləsi”nin işlənib hazırlanmasının və imzalanmasının iştirakçılarından biri kimi düşünürəm ki, indiyədək dənizdə gördüyümüz işlərin, əldə etdiyimiz nailiyyətlərin təməli Azərbaycan neftçilərinin dənizdə məskən saldıqları və məşhur Neft Daşlarının dünyaya səs saldığı vaxtdan qoyulub”.

Tədbirdə gənc neftçilər adından “Neft Daşları” neft və qazçıxarma idarəsinin (NQÇİ) İstilik elektrik stansiyasının baş mühəndisi Cavid Qocayev ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən qayğıdan və həyata keçirilən islahat kursundan söhbət açıb, SOCAR-da çalışan gənclərin yeni çağırışlara cavab verdiklərini bildirib.

Tədbirin sonunda “Əsrin müqaviləsi”nin 25 illiyi münasibətilə fəxri adlara layiq görülən neftçilərə mükafatlar təqdim edilib.

1-3

Xatırladaq ki, Neft Daşları Xəzər dənizində, Bakı şəhərindən 110 kilometr şimal-şərqdə yerləşir. Dənizin bu yerində qara qayalıqlar olduğu üçün əvvəllər bura “Qara Daşlar” adlandırılırdı. Neft Daşları yatağını əfsanəvi geoloq Ağaqurban Əliyev kəşf etmiş və ilk dəfə açıq dənizdə neftçıxarma layihəsinin gerçəkləşdirilməsinə nail olmuşdur. 1949-cu il iyunun 24-də Neft Daşlarında birinci kəşfiyyat quyusunun qazılmasına başlanmış, noyabrın 7-də qazma işi uğurla başa çatdırılmış və yatağın işlənməsinə start verilmişdir.

İlkin dövrdə burada istismardan çıxarılmış yeddi gəmi batırılaraq qazma və yaşayış üçün şərait yaradılmışdır ki, Neft Daşlarının bir müddət xalq arasında “Yeddi gəmi adası” kimi məşhurlaşması da bununla əlaqədardır. 1951-ci ildə Neft Daşlarında hasil edilmiş ilk məhsul tankerlə sahilə göndərilmişdir. İstismar dövründə “Neft Daşları” (NQÇİ) ölkəmizin ümumi neft hasilatının 13 faizini birbaşa təmin etmişdir. Neft Daşlarının kəşfi Azərbaycanın neft sənayesində dönüş nöqtəsi olmuş və ölkəmizin tarixində ikinci neft bumuna yol açmışdır. Hazırda Azərbaycan neftinin böyük hissəsi dəniz mədənlərində çıxarılır. Neft Daşları SOCAR-ın dənizdəki yataqlarını bir-biri ilə əlaqələndirən və məhsulun sahilə birbaşa ötürülməsinə xidmət edən əsas kommunikasiya düyünüdür. SOCAR üzrə hasil olunan xam neft və təbii qazın 70 faizə yaxın hissəsi məhz Neft Daşları üzərindən sahilə ötürülür.