logo

ABŞ 2 min hərbçini Əfqanıstandan çıxarıb

20:20 21-10-2019 | icon 2611
ABŞ 2 min hərbçini Əfqanıstandan çıxarıb

ABŞ Əfqanıstandakı hərbi kontingentini tədricən azaltmağa başlayıb və artıq 2 min hərbçisini bu ölkədən çıxarıb.

 YeniAvropa “The New York Times” qəzetinə istinadla xəbər verir ki, ABŞ və NATO qoşunlarının Əfqanıstandakı komandanı general-leytenant Ostin Skott Miller Amerikanın bu ölkədəki hərbçilərinin sayının təxminən 12 min nəfərə qədər azaldığını təsdiqləyib.

Həmçinin etibarlı mənbələrin məlumatına görə, ABŞ-ın Əfqanıstandakı hərbi kontingentinin sayı yaxın zamanlarda 8,6 min nəfərə qədər ixtisar oluna bilər.

Qeyd edək ki, oktyabrın 20-də ABŞ-ın müdafiə naziri Mark Esper Əfqanıstan prezidenti Əşrəf Qəni ilə görüşü zamanı terrorla mübarizə və ikitərəfli münasibətlər məsələsini müzakirə edib. Pentaqon rəhbərinin sözlərinə görə, Birləşmiş Ştatların Əfqanıstandakı kontingentinin ixtisar olunması bu ölkədə fəaliyyət göstərən silahlı qruplaşmalarla mübarizəyə zərər vurmadan həyata keçiriləcək.

Xatırladaq ki, 2018-ci ilin payız aylarında ABŞ “Taliban” hərəkatı ilə danışıqlara başlayıb və artıq sülh barədə sazişdə irəliləyişə nail olunub. Tərəflər dörd əsas mövzunu - ABŞ qoşunların Əfqanıstandan tam çıxarılmasını və ölkə ərazisinin ABŞ və digər ölkələrə hücum üçün istifadə olunmayacağı barədə zəmanəti, həmçinin ümumi atəşkəsi və Əfqanıstandakı qüvvələr arasında dialoqun keçirilməsi məsələləri müzakirə edərək müəyyən razılığa gəliblər.