logo

Azərbaycan prokurorluğunun yaranmasından 101 il ötür

11:12 01-10-2019 | icon 2569
Azərbaycan prokurorluğunun yaranmasından 101 il ötür

Hər il oktyabrın 1-də Azərbaycan Respublikası prokurorluğunun əməkdaşları öz peşə bayramlarını təntənə ilə qeyd edirlər.

 YeniAvropa xəbər verir  ki,  Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlayıb. Odur ki, hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edirlər.

Mövcudluğu bir çox dövlətlərdə qədim dövrlərdən məlum olan məhkəmə orqanlarından fərqli olaraq, prokurorluq müstəqil institut kimi xeyli sonralar yaranıb.

Dövlət idarəetmə mexanizminin tərkib hissəsi kimi prokurorluğun əsası ilk dəfə XlV əsrin əvvəllərində Fransada kral lV Filipp tərəfindən qoyulub. Onun vaxtında kral mənafelərinin prokurorluq tərəfindən təmsil edilməsi Qanunla (25 mart 1302-ci il tarixli ordanans) təsbit edilib. Həm qərb ölkələri, həm də Rusiya prokurorluqlarına bir örnək kimi böyük təsiri olan Fransa prokurorluğunun təşkili və fəaliyyəti haqqında qanun isə 1586-cı ildə qəbul olunub.

Rusiyada prokurorluq isə l Pyotrun «Baş prokuror vəzifəsi haqqında» 12 Yanvar 1722-ci il tarixli Fərmanı ilə təsis edilmiş, 1802-ci ildə Rusiyada Ədliyyə Nazirliyi yarandıqdan sonra isə ədliyyə naziri eyni zamanda ölkənin Baş prokuroru hesab edilib.

1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri əsasında Azərbaycan xalqının və torpaqlarının parçalanmasının əsası qoyulmuş və Azərbaycan Rusiya tərəfindən işğal edilərək burada 1841-ci il yanvar ayının 1-dək komendant idarəçilik sistemi tətbiq olunub, bundan sonra Zaqafqaziya ümumrusiya mülki idarəetmə sisteminə keçirilməklə, məhkəmələrin nəzdində prokuror nəzarəti təsis edilib. 1862-ci ildə qəbul edilən “Prokurorluq haqqında əsas müddəalar” Rusiyada prokuror nəzarətinin təyinatını, onun predmetini, prokurorların vəzifə və səlahiyyətlərini müəyyən edib. Həmin dövrlərdə Azərbaycanda prokuror nəzarətini Bakı və Yelizavetpol quberniyaları dairə məhkəmələrinin prokurorları və onların müavinləri, Azərbaycan məhkəmələri üçün apellyasiya hüququna malik Tiflis məhkəmə palatasının prokuroru və onun müavinləri həyata keçirirdilər. 1868-ci ilin fevralında Azərbaycanda tərkibində müvafiq prokuror nəzarəti və istintaq hissəsi olan 13 yeni məhkəmə idarələri yaradılıb.

Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhurriyyətinin yaranması günündən sonra başlayıb. 1918-ci ilin noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən “Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə” təsdiq edilib.

F.Xoyski, X.Xasməmmədov, A.Safikürdski, T.Makinski Azərbaycan Xalq Cümhurriyyətinin ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olublar. Olduqca mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhurriyyətinin Məhkəmə palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində olan prokurorluq orqanları öz səlahiyyətləri imkanında böyük işlər görüblər.

1920-ci il aprelin 28-də Xl Qızıl Ordunun köməyi ilə Azərbaycan Xalq Cümhurriyyəti süquta yetirildi və Azərbaycan Sovet Sosialist Respublikası elan edildi. Müstəqil Azərbaycan dövlətçiliyi süquta yetirildikdən sonra dövlət orqanları ilə yanaşı prokurorluq və istintaq orqanları da ləğv edildi. Bu Azərbaycan İnqilab Komitəsinin 12 may 1920-ci il tarixli “Xalq məhkəməsi haqqında” dekreti ilə həyata keçirildi.

Bu dövrdə bütün hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirməli olan xüsusi orqanın yaradılması ehtiyacını nəzərə alaraq Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 11 iyul 1922-ci il tarixli «Azərbaycan SSR-nin dövlət prokurorluğu haqqında» Dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyuldu.

Bakı kommunası dövründə və ondan sonrakı dövrlərdə xalq ədliyyə komissarları Ə.Qarayev, S.Çivanov, B.Vəlibəyli, B.Talıblı, H.Hacıyev, A.Sultanova, Y.Məmmədov həm də Azərbaycan SSR-nin baş prokurorları olmuşlar. 1936-cı ilin iyul ayında Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə müstəqil qurum kimi fəaliyyətə başlamışdır.

Kommunist partiyasının mütləq hakim olduğu sovetlər rejiminin yaşadığı 70 il ərzində prokurorluq bu rejimə və partiya liderlərinə xidmət edən bir orqana çevrilmişdir.

Sovet hakimiyyəti illərində ölkəmiz təhsil, elm, səhiyyə, mədəniyyət və iqtisadiyyat sahələrində nəaliyyətlər əldə etsə də, Stalin hakimiyyəti sistemində uzun illər davam edən repressiyalara da məruz qalmışdır. O dövrün kütləvi siyasi repressiyaları prokurorluq orqanlarının kadrlarından da yan keçməmişdir. 1937-1938-ci illərdə Azərbaycanda «düşmən və cinayətkar ünsür kimi» 21 nəfər prokurorluq işçisi əsassız mühakimə edilmiş, onların arasında Respublikanın baş prokurorları B.Vəlibəyov, Ə.Talıblı, baş prokurorun müavini Ə.Babaxanov, Şamaxı rayon prokuroru Ə.Əmirov və digərləri də olmuşlar. Lakin ağır represiya illərində də Azərbaycanın prokurorluq orqanları əməkdaşlarının böyük əksəriyyəti öz vəzifə borclarını namusla yerinə yetirərək xalqa xidmət göstərmişlər.

Böyük Vətən müharibəsi illərində digər dövlət strukturları kimi, prokurorluq orqanlarının da işi hərbi vəziyyətə uyğun qurulmuşdur. Həmin dövrdə Azərbaycan Prokurorluğunun fəaliyyəti fərariliklə mübarizə, hərbi məhsulların tədarükü, cəbhəyə yardım və arxa cəbhənin möhkəmləndirilməsi haqqında qanunların icrasını təmin etməyə yönəlmişdir. O dövrlər döyüşən orduya 70 prokuror və 163 müstəntiq səfərbər olunmuşdur. Onlardan bir çoxu döyüşlərdə həlak olmuş, böyük əksəriyyəti orden və medallarla təltif edilmişlər.

1955-ci il mayın 24-də «SSRİ-də prokuror nəzarəti haqqında Əsasnamə» nin qəbulu prokurorluğun inkşafında mühüm mərhələ oldu. 30 noyabr 1979-cu il tarixli «Prokurorluq haqqında» SSRİ qanunu qəbul edilənədək prokurorluq orqanları bu əsasnaməyə uyğun fəaliyyət göstərmişlər.

1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra Respublikamız yeni dövrə qədəm qoymuşdur.