logo

Bakıda silsilə oğurluqlar edən şəxs saxlanılıb

12:09 26-08-2019 | icon 2583
Bakıda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Paytaxt ərazisində silsilə oğurluqlar və xuliqanlıq hərəkətləri edən Beyləqan rayon sakini Məhəmməd Bayramov Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Binəqədi qəsəbəsindəki mağazalardan birində işləyən M.Bayramovun keçmiş həyat yoldaşı Səfurə Bayramova polis bölməsinə şikayət edərək iş yoldaşı Gülşən Rəsulova ilə obyektdə olan zaman ərinin hücumuna məruz qalması barədə məlumat verib. M.Bayramovun hər iki qadına qarşı fiziki güc tətbiq edib onlara xuliqanlıq zəminində xəsarət yetirməsi mağazanın müşahidə kameraları vasitəsilə lentə alınıb.

Rayon polis idarəsinin 43-cü polis bölməsinə gətirilən M.Bayramovla bağlı aparılan əlavə əməliyyat tədbirləri ilə onun başqa cinayətlər törətdiyi də məlum olub. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs paytaxtın Nizami rayonunda Xəyal Qubadov adlı şəxsə məxsus “Niva” markalı avtomobilin qabaq qapısını açaraq nəqliyyat vasitəsinin salonundan 372 manat pul, avtomaşına aid sənədlər və bir mobil telefonu da oğurlayıb. M.Bayramovun həmin avtomobilin salonunda oğurluq etməsi də təhlükəsizlik kameraları vasitəsilə görüntülənib.

M.Bayramov, həmçinin Binəqədi qəsəbəsi və Sabunçu rayonu Ramana qəsəbəsində müxtəlif vətəndaşlara məxsus 12 fərdi yaşayış evinə oğurluq niyyəti ilə daxil olaraq məişət əşyaları oğurladığı da sübuta yetirilib. Onun yaşadığı evə baxış zamanı oğurladığı əşyaların bir qismi polislər tərəfindən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Həmin faktlarla bağlı toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.