logo

Maştağada həyətdə 1 tona yaxın narkotik vasitə aşkar edilib

14:48 14-08-2019 | icon 2534
Maştağada həyətdə 1 tona yaxın narkotik vasitə aşkar edilib

Narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildiriblər ki, daxil olmuş məlumat əsasında Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Ağalar Xəlilov paytaxt ərazisində saxlanılıb. Onun Xəzər rayonu Albalılıq bağlar sahəsində yaşadığı evə baxış zamanı 13 kq çəkidə qurudulmuş marixuana və narkotik vasitələrin çəkisini müəyyənləşdirmək üçün istifadə edilən elektron tərəzi aşkar olunaraq götürülüb. İlkin sorğu zamanı A.Xəlilov marixuananı Sabunçu rayonu Maştağa qəsəbəsində əkdiyini, kultivasiya yolu ilə yetişdirəndən sonra satmaq məqsədilə yaşadığı evə gətirdiyini bildirib.

Baş İdarə əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilərək A.Xəlilovun narkotik tərkibli bitkiləri əkdiyi Maştağa qəsəbəsindəki bağ sahəsinə baxış keçirilib. Nəticədə oradan yaş halda çəkisi 1 tona yaxın 168 ədəd çətənə bitkisi də aşkar olunaraq götürülüb.

Qeyd edilən faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.