logo

Fındıq istehsalı sahəsində Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı

21:40 13-08-2019 | icon 2821
Fındıq istehsalı sahəsində Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı

Azərbaycan, Türkiyə və Gürcüstan fındıq istehsalı sahəsində əməkdaşlıq edəcəklər. Bununla əlaqədar olaraq artıq sənəd də imzalanıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Türkiyənin Ordu şəhərində üç ölkənin kənd təsərrüfatı nazirləri bu günlərdə strateji əməkdaşlıq haqqında bəyannamə imzalayıblar. Sənədə əsasən, Türkiyə, Azərbaycan və Gürcüstan fındıq istehsalı sahəsində daha fəal əməkdaşlıq edəcəklər.

Nazirlikdən bildirilib ki, fındıq hər üç ölkənin əsas ixrac kənd təsərrüfatı məhsuludur. Üçtərəfli əməkdaşlıq formatının məqsədi fındıq məhsulunun istehsalı və keyfiyyətini yaxşılaşdırmaq, məhsuldarlığın artırılması üçün elmi potensialdan maksimum istifadə etmək və texniki əməkdaşlığı təmin etməkdir.

Nazirlər bu istiqamətlər üzrə əməkdaşlığı razılaşdırıblar. Əməkdaşlıq fındıq istehsalı sahəsinin inkişafı və istehsalın artırılmasına yönəlib.

Nazirlikdən onu da bildiriblər ki, fındıq məhsulu uzun illərdir Gürcüstanın mal ixracında əsas yerlərdən birini tutub. Lakin mərmər böcəyi və göbələk xəstəlikləri səbəbindən 2017-ci ildə fındıq ixracı 2016-cı illə müqayisədə 54,1 faiz azalıb. 2018-ci ildə isə azalma 30,5 faiz olub.

Gürcüstan hökuməti ölkədə fındıq istehsalını artırmaq üçün gələn ildən müvafiq tədbirlər görəcək.