logo

Novruz Məmmədov Birinci Xəzər İqtisadi Forumunda iştirak edib

13:50 12-08-2019 | icon 2996
Novruz Məmmədov Birinci Xəzər İqtisadi Forumunda iştirak edib

Avqustun 12-də Türkmənistanın Türkmənbaşı şəhərində Birinci Xəzər İqtisadi Forumu keçirilib.

YeniAvropa xəbər verir ki, foruma Xəzəryanı ölkələrin - Rusiyanın baş naziri Dmitri Medvedev, İran İslam Respublikasının birinci vitse-prezidenti Eshaq Cahangiri, Qazaxıstanın baş naziri Askar Mamin, qonaq qismində isə Bolqarıstanın baş naziri Boyko Borisov və Özbəkistanın baş naziri Abdulla Aripovun başçılıq etdikləri nümayəndə heyətləri, o cümlədən Xəzər regionunun bank və biznes sektorunun nümayəndələri, tədqiqatçılar və iqtisadiyyatın inkişafı ilə məşğul olan şirkətlərin rəhbərləri qatılıblar. Forumda Azərbaycanı baş nazir Novruz Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Forumu açıq elan edən Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov çıxışında bildirib ki, Xəzər dənizinin karbohidrogen ehtiyatlarından səmərəli istifadə regionun iqtisadiyyatının böyüməsi üçün güclü impuls ola bilər. O qeyd edib ki, region ölkələri Xəzərin inkişafı üçün aktual praktik məsələlərin həllinə yönəlməlidirlər və “Xəzər enerjisi” regionun iqtisadiyyatının dinamik inkişafı üçün əsas olmalıdır: “Xəzərdə karbohidrogen hasilatının artması regionda bütün iqtisadi mənzərəni əsaslı şəkildə dəyişdirməyə, onu bərabərhüquqlu və effektiv tərəfdaş kimi qlobal iqtisadi məkana inteqrasiya etməyə qadirdir”.

Forumda çıxış edən baş nazir Novruz Məmmədov qeyd edib ki, Azərbaycan Birinci Xəzər İqtisadi Forumunun keçirilməsi təşəbbüsünü alqışlayır. Tədbirin yüksək səviyyədə təşkilinə görə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təşəkkürünü bildirən baş nazir deyib ki, bu forum Xəzəryanı ölkələr arasında əməkdaşlığın fəallaşdırılmasının yeni formatı olacaq. Novruz Məmmədov forum iştirakçılarının diqqətinə çatdırıb ki, 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanandan sonra Xəzər regionunun iqtisadi inkişafı məsələsi xüsusilə aktuallaşıb. Azərbaycan tərəfi güman edir ki, Xəzər İqtisadi Forumu ticarət, nəqliyyat, investisiya və turizm sahələrində əməkdaşlığımıza əlavə təkan verəcək.

Baş Nazir forum çərçivəsində Xəzər İnnovasiya Texnologiyaları Sərgisinin keçirilməsinə də toxunaraq ümidvar olduğunu bildirib ki, belə sərgilərin keçirilməsi Xəzəryanı ölkələrin biznes dairələri arasında qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsinə və regionda informasiya kontentinin yaxşılaşmasına şərait yaradacaq, sahibkarlar arasında bilavasitə görüşlərin keçirilməsi isə regionun ümumən firavanlaşması işində mühüm rol oynayacaq. Azərbaycan tərəfi digər yüksək səviyyəli rəsmi tədbirlər fonunda işgüzar dairələrin bu cür görüşlərinin keçirilməsini hərtərəfli dəstəkləyir, Xəzəryanı dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanan ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirir.

Forumda çıxış edən digər iştirakçılar da Xəzər dənizinin Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da dərinləşməsinə şərait yaradan mühüm birləşdirici amil olduğunu xüsusi vurğulayıblar. Tədbirdə əminlik ifadə olunub ki, Xəzər İqtisadi Forumu qarşılıqlı iqtisadi fəaliyyətin aktual məsələlərinin müzakirə edilməsi üçün mühüm məkan olacaq, regionumuzun son dərəcə zəngin potensialını üzə çıxaracaq və ölkələrimizin inkişafına nəzərəçarpacaq səmərə verəcək.

İkinci Xəzər İqtisadi Forumunun Rusiyanın Həştərxan şəhərində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Birinci Xəzər İqtisadi Forumunda ticarət və iqtisadi əlaqələrin inkişafı, əsasən də böyük layihələr üçün şəraitin yaradılması, Xəzər regionunun iqtisadiyyatının qlobal kontekstdə rolu, neft və qaz, elektrik enerjisi, nəqliyyat, ticarət, kənd təsərrüfatı, turizm və Xəzəryanı dövlətlərin qarşılıqlı maraq kəsb edən digər sahələrində investisiya cəlbediciliyi müzakirə olunub. Həmçinin forum çərçivəsində beynəlxalq konfrans, Xəzər İnnovasiya Texnologiyaları Sərgisi, işgüzar dairələrin və şirkətlərin nümayəndələri arasında görüşlər təşkil edilib.