logo

Azərbaycan Aİ-nin enerji təhlükəsizliyində strateji rol oynayır

14:23 11-07-2019 | icon 2520
Azərbaycan Aİ-nin enerji təhlükəsizliyində strateji rol oynayır

Azərbaycan təkcə regionun deyil, Avropanın da iqtisadiyyatında mühüm rol oynayır. Bu gün Azərbaycan Avropanın əsas və fəal investorlarından biridir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov iyulun 11-də Batumidə keçirilən “Şərq tərəfdaşlığı” üzrə birinci investisiya forumundakı çıxışında deyib.

Nazir müavini bildirib: “Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələrinə kifayət qədər investisiya yatırır. Bu investisyaların həcmi 20 milyard dollardan çoxdur. Biz, həmçinin “Şərq tərəfdaşlığı” ölkələrinin iqtisadiyyatlarına da sərmayə qoyuruq. Azərbaycan proqrama üzv 4 tərəfdaş ölkəyə 3,5 milyard dollardan çox investisiya yatırıb”.

Onun sözlərinə görə, Azərbaycan Aİ-nin enerji təhlkəsizliyində çox əhəmiyyətli və strateji rol oynayır. Cənub Qaz Dəhlizinin inkişafı ilə Azərbaycanın əhəmiyyətli rolu daha da artacaq. Nəqliyyat sahəsi də digər mühüm əməkdaşlıq sahəsidir. Azərbaycan Türkiyə və Gürcüstanla birgə Bakı-Tbilisi-Qars layihəsini həyata keçirir. Bu layihə beynəlxalq nəqliyyat dəhlizlərinin çox əhəmiyyətli hissəsidir.

Nazir müavini qeyd edib ki, Azərbaycanın Aİ ilə əməkdaşlığı yalnız energetika və nəqliyyat sektorları ilə məhdudlaşmır: “Bizim Avropa İttifaqı ilə insan kapitalının inkişafı, təhsil, sosial müdafiə və digər sahələrdə də çox fəal əməkdaşlığımız mövcuddur”.

Azərbaycan və Aİ arasındakı ticari-iqtisadi əlaqələrdən danışan R.Məmmədov deyib: “Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycanda Aİ-yə üzv ölkələrin 1600-dən çox şirkəti uğurla fəaliyyət göstərir. Azərbaycanla Avropa İttifaqına üzv ölkələrin biznes sektorları arasında əlaqələrin səviyyəsinin yüksəldilməsi məqsədilə Bakıda birgə biznes forumlar təşkil olunur. Builki foruma biznes sektoru təmsil edən 1000-dən çox iştirakçı qatılıb. Biznes forumlar Azərbaycan və Avropa ölkələri arasında ticarət və investisiyaları stimullaşdırır”.

Nazir müavini Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlardan da danışıb. “Azərbaycan ilə Aİ arasında əməkdaşlığın genişləndirilməsi üçün daha çox imkanlar var. İnanıram ki, bu əməkdaşlıq genişləndiriləcək və əməkdaşlıq üzrə yeni mexanizmlər həyata keçiriləcək”, – deyə R.Məmmədov vurğulayıb.