Mayın 23-26-da Avropa Parlamentinə keçirilən seçkilər böyük partiyaların itkiləri ilə başa çatıb.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, Avropa Parlamentində iki ən böyük fraksiya – mühafizəkar düşərgəni öz ətrafında birləşdirən Avropa Xalq Partiyası və sosial-demokratları bir araya gətirən Sosial-Demokratların Avropa Parlamentində Proqressiv Alyansı gələcəkdə parlamentdə ötən çağırışdakından daha az mandatla təmsil olunacaqlar. Bununla da hər iki fraksiya parlamentdə 40 ildən bəri birlikdə sahib olduqları mütləq səs çoxluğunu da itiriblər.
Belə ki, Avropa İttifaqına üzv olan 28 ölkə üzrə seçkilərin ilkin nəticələrinə görə, Avropa Xalq Partiyasının mandatlarının sayı 178 olub və bu da 2014-cü il seçkiləri ilə müqayisədə 38 mandat azdır. Eyni zamanda, 41 yer itirən sosial-demokratlar da növbəti müddətdə 150 nümayəndə ilə kifayətlənməli olacaqlar.
Parlamentdə üçüncü böyük fraksiya isə liberallar olub. Liberal və Demokratların Avropa naminə Alyansı adlanan bu fraksiyaya mənsub deputatların sayı 107 nəfər olub. Seçkilərdə ən uğurlu nəticəni isə Yaşıllar fraksiyası əldə edib, mandatların sayını 50-dən 70-ə çatdıra bilib.
Gözlənildiyi kimi, seçkilərdə sağçı-populist və Aİ əleyhdarı olan partiyalar mandatlarının sayını artıra biliblər. Millətlər və Azadlıq Avropası fraksiyasının üzvlərinin sayı 36-dan 58-ə çatıb. Aİ əleyhdarı olan digər fraksiya – Azadlıq və Birbaşa Demokratiya Avropası (burada Brexit tərəfdarları da yer alırlar) mandatları 48-dən 56-ya yüksəldib.
Qeyd edilməlidir ki, 427 milyon səsvermə hüququna malik vətəndaşın yaşadığı Aİ ölkələrində ümumi fəallıq 51 faiz olub.