İyulun 5-də Kanadanın Monreal şəhərində start götürəcək cüdo üzrə "Qran-Pri" turnirində Azərbaycanı 9 idmançı təmsil edəcək.
YeniAvropa Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, iyulun 7-dək turnirdə ölkəmizi kişilərin mübarizəsində Kəramət Hüseynov (60 kq), İbrahim Əliyev, Nicat Şıxəlizadə (hər ikisi 66 kq) və Murad Fətiyev (81 kq), qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florean və İçinxorloo Münxtsedev (hər ikisi 57 kq) təmsil edəcəklər.
İndiyədək 44 ölkədən 200-dən çox idmançı yarışda iştirakını təsdiqləyib.
Xatırladaq ki, Nicat Şıxəlizadə mayın 10-12-də Bakıda keçirilən “Böyük dəbilqə” turnirində gümüş medal qazanıb. Onun yarımfinalda Monqolustan təmsilçisi Basxu Yondoperenleyə qarşı işlətdiyi fənd “Böyük dəbilqə” turnirində idmançıların yerinə yetirdikləri və təmiz qələbəyə səbəb olan ən yaxşı ippon kimi birinci yerə layiq görülüb. Monreal "Qran-Pri"sində mübarizə aparacaq digər təmsilçimiz Murad Fətiyev isə mayın 18-19-da Rusiyada keçirilən Avropa kubokunun qalibi olub.