logo

Gürcüstan Ordusunundakı sovet silahları NATO silahları ilə əvəzlənəcək

13:55 23-05-2019 | icon 2954
Gürcüstan Ordusunundakı sovet silahları NATO silahları ilə əvəzlənəcək

Gürcüstan hazırda Silahlı Qüvvələrdə istifadə olunan və keçmiş sovet ordusuna məxsus silahları müasir NATO silahları ilə əvəz edəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu açıqlama ilə Gürcüstanın müdafiə naziri Levan İzoria çıxış edib.

Nazir deyib ki, hərbi hava hücumundan müdafiə, artilleriya, kəşfiyyat və digər təyinatlı silahların alınması rəsmi Tbilisinin strategiyasının əsasını təşkil edir.

L.İzoria deyib: "Bizim əsas məqsədimiz ordunu NATO silahları ilə tam təmin etmək və keçmiş sovetlərdən bizə miras qalmış silahlarla “sağollaşmaqdır”.

O, əsasən artilleriya, hava hücumundan müdafiə, kəşfiyyat sistemləri üçün silahların alınacağını bildirsə də konkret silah adı çəkməyib. 

Nazirin sözlərinə görə, bundan başqa, bu ilin payızında Gürcüstan ilə ABŞ arasında hərbi sahədə əməkdaşlığa dair üçillik saziş imzalanacaq.

Çərçivə sazişində prioritet istiqamətlər müəyyən olunacaq və bununla da iki ölkə arasında hərbi əməkdaşlıq daha da güclənəcək.

Məlumat üçün qeyd edək ki, 2018-ci ildə Gürcüstan ABŞ-dan ümumi məbləği 75 milyon dollar olan 140 ədəd tank əleyhinə “javelin” markalı raket kompleksi, 72 ədəd komandir-atəş qurğusu və 2 komandir-atəş bloku alıb.

Bunda əvvəl isə Gürcüstan Kalaşnikov pulemyotlarını əvəz etmək üçün ABŞ-dan M-240 markalı pulemyotlar alıb.

2017-ci ilin dekabrından isə Gürcüstan Fransadan yaxın mənzilli zenit raket sistemləri, radiolokasiya stansiyaları və mobil idarə mərkəzi kompleksləri alır.