Ukrayna prezidenti Vladimir Zelenski və Ali Radanın fraksiya rəhbərlərinin müzakirələrindən sonra növbədənkənar parlament seçkilərinin iyulun 21-də keçirilməsi barədə razılıq əldə olunub.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə görüşdən sonra jurnalistlərə Radikal Partiyasının fraksiyasının rəhbəri Oleq Lyaşko məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı Seçki Məcəlləsinə müvafiq dəyişiklik ediləcək. Daha sonra isə V.Zelenskinin müvafiq Sərəncamı olacaq.
Xatırladaq ki, Ukraynada növbəti parlament seçkiləri oktyabr ayında keçirilməlidir. Lakin, Vladimir Zelenski andiçmə mərasimində parlamenti buraxacağı və növbədənkənar parlament seçkilərinin keçiriləcəyinə dair bəyanatla çıxış edib.