logo

 II Dünya müharibəsi Polşaya 1 trilyon dollar həcmində zərər vurub

14:48 13-05-2019 | icon 2842
 II Dünya müharibəsi Polşaya 1 trilyon dollar həcmində zərər vurub

Polşada II Dünya müharibəsinin ölkəyə vurduğu zərərin hesablanması başa çatıb və onun 1 trilyon dollar həcmində olduğu müəyyən edilib.

 YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə II Dünya müharibəsi illərində nasist Almaniyasının ölkəyə vurduğu zərərin Almaniya Federativ Respublikasından reparasiya alınması məsələsi ilə məşğul olan ekspertlər qrupuna rəhbərlik edən hakim “Qanun və ədalət” partiyasının deputatı Arkadiuş Mulyarçik “Sieci” nəşrinə müsahibəsində deyib.

Siyasətçinin sözlərinə görə, sənəddə göstərilən məbləğ müharibədən sonra, 1947-ci ildə Polşanın hərbi itkiləri barədə hazırlanan hesabatda göstəriləndən xeyli çoxdur. Həmin hesabatda Polşanın itkiləri 48 milyard dollar göstərilib ki, bu da hazırda təxminən 850 milyard dollar təşkil edir. Deputat yaxın günlərdə sənədin ölkə rəhbərliyinə təqdim ediləcəyini deyib.

Polşada reparasiya mövzusu ötən ilin iyul ayından gündəmə gəlib. Almaniya hökuməti Polşanın 1953-cü ildə reparasiyadan rəsmən imtina etdiyi üçün hər hansı bir ödənişə əsas olmadığını bildirir. Varşava isə 1953-cü il sazişinin SSRİ-nin təzyiqi altında hüquq pozuntusu ilə imzalandığını və artıq mövcud olmayan Almaniya Demokratik Respublikası və Polşa Xalq Respublikasına aid olduğunu iddia edir.

Mulyarçik Polşanın Rusiyadan kompensasiya tələb etməyə qanuni əsaslarının olduğunu, lakin rəsmi Moskva “beynəlxalq hüquqa riayət etmədiyinə görə” Almaniyadan təzminat alınmasının daha real göründüyünü deyib.