ABŞ bir ildə həcmi 200 milyard dollar olan Çin məhsullarına rüsumları 10 faizdən 25 faizə qədər artırır.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Federal Reyestrinin məlumatına əsasən, qərar mayın 10-dan qüvvəyə minəcək.
Qeyd edək ki, bir qədər əvvəl Birləşmiş Ştatlar prezidenti Donald Tramp bəzi Çin mallarına rüsumları artıracağını bildirmiş, həmçinin digər məhsullara rüsum tətbiq olunacağını da istisna etməmişdi.
Xatırladaq ki, Çin və ABŞ ötən ilin iyul və sentyabr aylarında rüsumları qarşılıqlı artırmışdı. 2018-ci il dekabr ayının əvvəlində iki ölkə liderlərinin Buenos-Ayresdə "G20" sammiti çərçivəsində keçirilən görüşündə ticarət müharibəsində “atəşkəs” barədə razılıq əldə edilmişdi. Vaşinqton Çin məhsullarına rüsumun artırılmasını təxirə salmış, Pekin isə Birləşmiş Ştatlardan idxalı artırmağa boyun olmuşdu. Həmçinin tərəflər 3 ay ərzində iki ölkə arasında ticarət sazişi bağlanması istiqamətində tədbirlər görmək barədə razılığa gəlmişdilər. Ticarət sazişinin bağlanması üçün ayrılan vaxt mart ayının 1-də başa çatsa da, Donald Tramp danışıqların uğurla və Vaşinqton üçün düzgün məcrada davam edənə qədər rüsumları artırmamağa hazır olduğunu bəyan etmişdi.