Lavrov Zəriflə Rusiya-İran-Azərbaycan formatında üçtərəfli görüşü müzakirə ediblər
Gündəlikdə bu dəfə Rusiyada keçiriləcək Rusiya-İran-Azərbaycan formatında növbəti üçtərəfli görüşün keçirilməsinə hazırlıq məsələsi var.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə keçirdiyi görüşün yekunları barədə danışarkən səsləndirib. Rusiyalı nazir qeyd edib ki, iranlı həmkarı ilə əhatəli danışıqlar aparıb. O deyib: ”Biz İranın xarici işlər naziri ilə əhatəli danışıqlar apardıq. İkitərəfli münasibətlərin vəziyyətini nəzərdən keçirdik, bizim aramızda siyasi səviyyədə, o cümlədən yüksəksəviyyəli mütəmadi əlaqələr mövcuddur. İndi gündəlikdə bu dəfə Rusiyada olacaq Rusiya-İran-Azərbaycan formatında növbəti üçtərəfli görüşün keçirilməsinə hazırlıq məsələsi var”.
S.Lavrov əlavə edib ki, Rusiya İranla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır, iki ölkə arasında münasibətlərin əsas prioritetlərindən biri də terrorçuluqla mübarizə üzrə əməkdaşlıqdır. Onun sözlərinə görə, tərəflər Rusiya və İran ərazisində olan hər iki ölkənin vətəndaşlarının maraqlarının təmin olunması sahəsində də əməkdaşlıq edirlər.