logo

Yaponiyanın yeni İmperatoru ilk dəfə xalqa müraciət edib

10:15 04-05-2019 | icon 3031
Yaponiyanın yeni İmperatoru ilk dəfə xalqa müraciət edib

Yaponiya imperatoru Naruhito və imperatriçə Masako taxtaçıxma mərasimindən sonra ilk dəfə xalqın qarşısına çıxıblar. 

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, "NHK "telekanalı ilə birbaşa yayımda imperator ilk dəfə qısa nitqlə xalqa müraciət edib.

“Taxta çıxdıqdan sonra sizi görmək imkanına çox şadam və təbriklərə görə sizə dərin minnətdarlığımı bildirirəm. Sizin sağlamlığınız və xoşbəxtliyiniz üçün, həmçinin ölkəmizin dünyanın digər dövlətləri ilə birlikdə sülhə can atması və daha böyük uğurlar qazanması üçün dualar edirəm”, - deyə imperator bildirib.

Xatırladaq ki, imperator Naruhitonun taxtaçıxma mərasimi mayın 1-də, atası yaşının çoxluğuna görə taxtı oğluna təhvil vermək və istirahətə getmək qərarına gəldikdən sonra keçirilib. Ötən ilin dekabrında imperator Akihitonun 85 yaşı tamam olub. Bununla da mayın 1-də Yaponiyada yeni Reiva dövrü başlanıb.

Yeni imperatoru təbrik etmək üçün toplaşanları sarayın zirehli şüşə ilə əhatələnmiş eyvanında imperator cütlüyü ilə birlikdə vəliəhd-şahzadə Akişino və Naruhitonun əmisi - 83 yaşlı şahzadə Hitaçi də daxil olmaqla, ailənin 13 nümayəndəsi salamlayıb. Həmin gün imperatorun və ailə üzvlərinin altı dəfə eyvana çıxaraq xalqı salamlayacağı bildirilir. Fəxri imperator Akihito və xanımı Miçiko mərasimdə iştirak etməyiblər.