Gürcüstan əhalisinin sayı əvvəlki illərlə müqayisədə 0,2 faiz azalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, cari il yanvarın 1-nə Gürcüstan əhalisinin sayı 3 milyon 723 min nəfər təşkil edib. Bu da 2018-ci il yanvarın 1-i ilə müqayisədə 10 min 783 nəfər və ya 0,2 faiz azdır.
Əhalinin 58,7 faizi şəhərlərdə yaşayır. Gürcüstan əhalisinin 20,3 faizini 0-14 yaşlı uşaqlar təşkil edir. Əhalinin 64,9 faizi (15-64 yaş arasında) əmək qabiliyyətlidir. Qalan 14,8 faizi isə 65 yaşdan yuxarı olanlardır.
Gürcüstan əhalisinin bölgələr üzrə bölgüsü isə fərqlidir. Əhalinin 1 milyon 171 min nəfəri paytaxt Tbilisidə, 349 mini Acarıstan Muxtar Respublikasında məskunlaşıb. Quri bölgəsində 109 min, İmeretidə 497 min, Kaxetidə 312 min, Mtsxeta-Mtianetidə 93 min, Raçe-Leçxumi və Kvemo (Aşağı) Svaneti 29 min, Meqrelii-Zemo (Yuxarı) Svaneti 316 min, Samtsxe-Cavaxetiya 154 min, azərbaycanlıların daha çox məskunlaşdıqları Kvemo (Aşağı) Kartlidə 433 min, Şida (daxili) Kartlidə isə 257 min nəfər yaşayır.
Əhalinin 48 faizini kişilər, 52 faizini isə qadınlar təşkil edir. Hesabat dövründə kişilərin sayı əvvəlki illə müqayisədə dəyişməyərək ümumi əhalinin 1 milyon 790,9 min nəfərini təşkil edib. Qadınların sayı isə əvvəlki illə müqayisədə 0,3 faiz azalaraq 1 milyon 932,6 min nəfər olub.