Hərbi prokurorluğun müstəntiqləri Sudanın sabiq prezidenti Ömər əl-Bəşirin son illər yaşadığı evində milyonlarla avro və yerli valyuta ilə bir neçə milyard pul tapıblar.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki,bu barədə “Ar-Ray əl-Əm” qəzeti məlumat yayıb. Xəbərdə bildirilib ki, sabiq prezidentin evində aşkarlanan 6 milyon avro, 351 min dollar, həmçinin 5 milyard Sudan funtu (təxminən 105 milyon dollar) ölkənin Mərkəzi Bankına yerləşdirilib.
Ömər əl-Bəşirin evində aşkarlanan külli miqdarda pul vəsaiti ilə bağlı korrupsiya üzrə iki cinayət işi açılıb.
Xatırladaq ki, aprelin 11-də Sudanda hərbi çevriliş olub. Dövlət başçısı Ömər əl-Bəşir və onun bəzi ailə üzvləri, sabiq müdafiə naziri Əbdurrəhim Hüseyn, hakim Milli Konqres partiyasının sədri Əhməd Harun, əl-Bəşirin sabiq müavini Əli Osman Tah, həmçinin prezident Qvardiyasının üzvləri də daxil olmaqla, respublikanın sabiq hakimiyyətinin 200-ə yaxın nümayəndəsi həbs olunub.
Hərbi hökumətin vədlərinə baxmayaraq ölkədə xalq etirazları səngimək bilmir. Etirazçılar təcili olaraq mülki idarəetmə orqaninin formalaşdırılmasını və bütün hakimiyyət səlahiyyətlərinin ona verilməsini tələb edirlər.