Aprelin 15-də Paris Notr-Dam kilsəsində (Məryəm ana kafedral kilsəsi) baş vermiş yanğından sonra sosial şəbəkələrdə onun bərpası üçün ianə fondları yaradılıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, ölkənin ən zəngin ailələrindən ikisi – Arno və Pino ailələri kilsənin bərpası üçün ümumilikdə 300 milyon avro ayırdıqlarını bəyan ediblər. Bundan əlavə, bir sıra saytlarda yaradılan ayrı-ayrı fondlara isə ümumilikdə 33 min avro vəsait toplanıb.
Yanğın baş verən əraziyə gələn Fransa prezidenti Emmanuel Makron çıxışında bildirib ki, kilsə tez bir zamanda bərpa olunacaq. Bunun üçün bütün qüvvələr səfərbər ediləcək. O qeyd edib ki, bu, təkcə Fransanın mədəni irsinə deyil, dünya irsinə dəyən ziyandır.
Qeyd edək ki, 850 ildən çox yaşı olan Paris Notr-Dam kilsəsində təmir-bərpa işləri aparılırdı. Yanğının təmir işləri aparılan hissədən qaynaqlandığı ehtimal olunur.