Nepalın Lukla hava limanında “Summit Air” aviaşirkətinə məxsus təyyarənin helikopterlə toqquşması nəticəsində azı iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nepal mətbuatı məlumat yayıb. Bildirilir ki, səhər saatlarında paytaxt Katmanduya uçmaq üçün uçuş zolağına doğru hərəkət edən təyyarə ərazidə dayanan helikopterə çırpılıb.
Təyyarəyə və helikopterə dəyən zərər barədə hələlik məlumat verilməyib.
Lukla hava limanı dünyanın ən hündür zirvəsi olan Everestə ən yaxın aeroportdur. Aprel-may aylarında zirvəyə dırmanmaq üçün ən sıx dövr hesab olunur. Bu aylarda Lukla aeroportundan gündə təxminən 50 uçuş yerinə yetirilir.