logo

Türkiyə Fransada “erməni soyqırımı” günü təsis olunmasına reaksiya verib

23:23 12-04-2019 | icon 3234
Türkiyə Fransada “erməni soyqırımı” günü təsis olunmasına reaksiya verib

Fransada qondarma “erməni soyqırımı” günü təsis edən Prezident Emmanuel Makron Əlcəzairdə müharibə zamanı kütləvi qətlləri xatırlamalıdır. Fransa öz qaranlıq tarixinə baxsın, Türkiyəyə dərs verməsin.

YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Parlament Assambleyası çərçivəsində Antalyada keçirilən Rouz-Rot seminarında fransız deputat Sonia Kriminin PKK barədə mülahizələrinə cavab olaraq söyləyib.

“Siz Türkiyəni cəzalandırmağa çalışırsınız, söz azadlığından danışırsınız, lakin Makronun fəaliyyəti beynəlxalq hüquqa ziddir. Həmin hadisələri soyqırımı kimi qiymətləndirmək üçün məhkəmənin qərarı olmalıdır, amma o, yoxdur. Bu qərar hansı motivlərə görə qəbul edilib? Bunun yeganə izahı populizmdir. Biz Əlcəzair və Ruanda hadisələrini unutmamışıq. Makron bunu xatırlasın”, - deyə Çavuşoğlu bildirib.

Türkiyə XİN başçısının çıxışı zamanı xanım parlamentari Sonia Krimi salonu tərk edib.

Xatırladaq ki, Emmanuel Makron aprelin 24-nün Fransada qondarma “erməni soyqırımı” qurbanlarının xatirə günü kimi qeyd olunması barədə fərman imzalayıb.

Əlcəzair 130 ildən çox Fransanın koloniyası olub. 1954-cü ildə ölkədə başlayan müstəqillik uğrunda müharibə 1962-ci ildə atəşkəs, sonra isə Əlcəzairin müstəqillik əldə etməsi ilə nəticələnən Evian müqavilələri ilə başa çatıb. Müharibə, müxtəlif məlumatlara görə, 300 min – 1 milyon insanın həyatına son qoyub.