logo

Türkiyədə Polis Təşkilatının yaranmasının 174-cü ildönümünü qeyd olunub

20:58 10-04-2019 | icon 2989
Türkiyədə Polis Təşkilatının yaranmasının 174-cü ildönümünü qeyd olunub

Türkiyə Respublikasında Polis Təşkilatının yaranmasının 174-cü ildönümü qeyd olunur. Bu münasibətlə ölkənin müxtəlif bölgələrində mərasimlər təşkil edilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Polis Günündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Ankarada Xüsusi Təyinatlıların Gölbaşı İdarəsinin inzibati binasının açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə polisinin şərəfli və çətin fəaliyyətini yüksək qiymətləndirib. Osmanlı dövründən başlayaraq polisin türk xalqının dövlətçilik tarixində önəmli rol oynadığını diqqətə çatdıran prezident Ərdoğan qeyd edib ki, 2016–cı il iyulun 15-də ölkədə törədilən dövlət çevrilişi cəhdinin qarşısının alınmasında polis əməkdaşları yüksək peşəkarlıq nümayiş etdiriblər.

Qeyd edək ki, aprelin 10-da daxili işlər naziri Süleyman Soylu, Asayiş İdarəsinin rəisi Celal Uzunkaya, Polis Akademiyasının rəisi Yılmaz Çolak, Ankara Asayiş İdarəsinin rəisi Sərvət Yılmaz və digər yüksək vəzifəli şəxslər Türkiyə Respublikasının banisi Mustafa Kamala Atatürkün məzarını – Anıtqəbiri ziyarət ediblər. Məzarın önünə əklil qoyulub, ulu öndər Mustafa Kamal Atatürkün əziz xatirəsinə ehtiram göstərilib.

Tarixi mənbələrə görə, Osmanlı dövlətində ictimai asayişi qorumaq üçün müxtəlif təşkilatlar fəaliyyət göstərib. Yeniçəri Ocağının ləğv olunmasından sonra 1845-ci ildə İstanbulda təsis edilən Polis Təşkilatı şərəfli inkişaf yolu keçib. Həmin il aprelin 10-da "Polis Nizamnaməsi"nin qəbul edilməsi ilə Türkiyə polisi rəsmən fəaliyyətə başlayıb.